Çin Tayvandan bəzi məhsulların idxalını dayandırıb

Tokio, 3 avqust , /AJMEDIA/

Çin hökuməti Tayvandan sitrus meyvələrin, o cümlədən qreyfrut, limon və portağalın, habelə bəzi balıq məhsullarının idxalını avqustun 3-dən dayandırmaq barədə qərar qəbul edib.
AJMEDIA xəbər verir ki, bu barədə Çinin gömrük qurumu açıqlama yayıb.
Bildirilir ki, həmin malların idxalının dayandırılması barədə qərar Çinin müvafiq qanunlarına və ərzaq təhlükəsizliyinə dair qaydalarına uyğun qəbul edilib.
Çinin Kommersiya Nazirliyi isə Tayvana təbii qum ixracının dayandırılacağını açıqlayıb.
Qeyd edək ki, ABŞ nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Pekinin sərt etirazına və xəbərdarlığına məhəl qoymayaraq, avqustun 2-də Tayvan adasına səfərə gəlməsi Çində böyük narazılığa səbəb olub. ABŞ-ın Pekindəki səfiri Nikolas Börns avqustun 2-də gecə gec saatlarda Çin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Çinin məsələyə dair sərt etirazı bildirilib.
Səfirin diqqətinə çatdırılıb ki, Nensi Pelosi od ilə oynayır. Çin bu məsələyə cavabsız qalmayacaq. Çin xarici işlər nazirinin müavini Sie Fen ABŞ səfirinin diqqətinə çatdırıb ki, Tayvan boğazında gərginliyin yüksəlməsinə və Çin-ABŞ münasibətlərinə zərər vurulmasına görə məsuliyyət Vaşinqtonun üzərinə düşür: “ABŞ tərəfi səhvlərinə görə cavab verməlidir. Çin qətiyyətlə cavab tədbirləri görəcək və biz dediyimizi edəcəyik”.
Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasına (“Çin Respublikası”) səfəri başlayandan sonra Çin Xarici İşlər Nazirliyi, Çinin qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağı, Çin Xalq Siyasi Məşvərət Şurası Nensi Pelosinin səfərini pisləyən bəyanatlar verib.
Çin Xalq Azadlıq Ordusu isə Tayvan adasının ətrafında genişmiqyaslı hərbi əməliyyatlara başladığını açıqlayıb. Əməliyyatlara adanın şimal, cənub-qərb və cənub-şərqində dənizdə və havada müxtəlif təlimlər, uzunməsafəli real atışlar, o cümlədən raket atışları sınaqları daxildir. Çin Xalq Azadlıq Ordusunun şərq zonası komandanlığının mətbuat katibi polkovnik Şi İ bildirib ki, hərbi əməliyyatlar Birləşmiş Ştatların Tayvan məsələsi ilə bağlı son neqativ hərəkətlərinin yaratdığı gərginliyə qarşı sərt çəkindirici amil, habelə “Tayvanın müstəqilliyi”nə yönəlmiş separatçılıq fəaliyyətinə qarşı ciddi xəbərdarlıqdır.
Çin Müdafiə Nazirliyinin rəsmisi U Çien ordunun döyüş hazırlığı vəziyyətində olduğunu və cavab tədbirləri olaraq məqsədyönlü hərbi əməliyyatlar həyata keçiriləcəyini bildirib.
O, Çin ordusunun ölkənin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcəyini, xarici qüvvələrin müdaxiləsinin və “Tayvanın müstəqilliyi”nə can atan separatçıların məkrli niyyətlərinin qarşısını alacağını deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts