Çin kosmik stansiya üçün növbəti yük gəmisini orbitə göndərib

Tokio, 11 may , /AJMEDIA/

Çin özünün kosmik stansiyasının quraşdırılması üçün növbəti yük gəmisi olan “Tiencou-6”nı (Tianzhou-6) orbitə göndərib.
AJMEDIA xəbər verir ki, kosmik gəmini orbitə “Böyük yürüş-7 Y7” raketdaşıyıcısı aparıb. Raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan mayın 10-da axşam saatlarında baş tutub. Stansiyadakı kosmonavtlar üçün həyati əhəmiyyətli yükləri, o cümlədən 70 kiloqram meyvə, habelə stansiyada quraşdırma işləri üçün lazım olan avadanlığı aparan yük gəmisi Pekin vaxtı ilə mayın 11-də saat 5:16-da “Tienhe” kosmik stansiyasının əsas modulu ilə birləşib.
“Tiencou-5” ilə müqayisədə orbitə daha çox yük (7,4 ton) aparan “Tiencou-6” Çinin yeni nəsil yük gəmilərinin birincisidir. Ümumi çəkisi 13,5 ton olan gəmi 6,9 ton yük aparıb. Gəminin yük tutumu 22,5 kubmetrə bərabərdir. Hazırda mühəndislər kosmik stansiyada donmuş ərzaqların saxlanılmasını mümkün edə biləcək soyuducunun hazırlanmasını da planlaşdırırlar.
Bu, “Böyük yürüş-7” nəslindən olan daşıyıcı raketin orbitə 7-ci uğurlu uçuşudur. Raketin uzunluğu 53,1 metr, diametri 3,35 metrdir. Qalxma kütləsi 600 ton olan raket 14 tona yaxın yükü Yerin aşağı orbitinə qaldırmaq gücünə sahibdir. Bu nəsil raketlərdən yük gəmiləri ilə yanaşı, gələcəkdə peykləri aşağı və orta orbitə çıxarmaq üçün istifadə olunacaq.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi heyətin yaşayış yeri və iki laboratoriya kapsullarından ibarət olacaq. Ümumi çəkisi 70 ton təşkil edəcək və quraşdırılması ötən ilin sonunda başa çatan stansiya Yerin aşağı orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün onun modullarının, yük gəmilərinin və kosmonavtların uçuşunu əhatə edən bir neçə missiya həyata keçirilib. Sonuncu kosmonavt (Çində onları taykonaut adlandırırlar) missiyası “Şencou-15” ötən ilin noyabrında orbitə yola salınıb. Kosmonavtların açıq kosmosda bir neçə əməliyyat icra etmələri planlaşdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts