Beyləqanda şəhid Cəlal Vəzirovun xatirəsi əbədiləşdirilib

Tokio, 8 avqust , /AJMEDIA/

Vətən müharibəsi şəhidi Cəlal Vəzirovun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunan bulaq kompleksi istifadəyə verilib.
AJMEDIA xəbər verir ki, Beyləqan rayonu Qaralılar kəndində inşa olunan bulaq kompleksinin açılış mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, dostları, şəhid ailələri, veteran və qazilər, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb. Açılış mərasimində şəhidin valideynlərinə fəxri fərman və Xarıbülbül simvolu təqdim olunub. Məktəblilərin ifasında Vətənə və qəhrəmanlara həsr edilən şeirlər səsləndirilib. Çıxış edənlər Cəlalın həyatından, Vətənə olan sevgisindən, döyüş yolundan söhbət açıblar. Bildirilib ki, Cəlal Bədirxan oğlu Vəzirov 1993-ci il dekabrın 5-də Beyləqan rayonu Qaralılar kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilən Cəlal həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidməti zamanı kəşfiyyatçı olan Cəlal, general Polad Həşimovun komandanlığı altında olan hərbi hissədə xidmət keçib. Hərb sirlərinə peşəkarcasına yiyələnən Cəlal xidmətini də fərqlənmə ilə başa vurub. 2020-ci il iyul hadisələri zamanı general Polad Həşimovun şəhid olması Cəlalı sarsıdıb və o, könüllü olaraq səfərbərlik xidmətinə müraciət edərək qeydiyyatdan keçib. Sentyabrın 21-də təlim toplanışı ilə Cəlal ordu sıralarına qoşulub. Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin təxribatına qarşı başlanan əks hücum zamanı ilk döyüşə atılanlar sırasında Cəlal da yer alıb. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə böyük igidliklə vuruşub, cəbhənin yarılmasında və xüsusi tapşırıqlarda fəallığı ilə seçilib. Oktyabrın 3-də Füzuli istiqamətində gərgin döyüşlər zamanı Cəlal qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Cəlal Vəzirov döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts