“Azərbaycanfilm”dən Gürcüstanın Xalq artistinə təbrik

Tokio, 20 fevral , /AJMEDIA/

Tbilisidə Rustaveli adına Milli Teatrda Gürcüstanın Xalq artisti, “Əhməd haradadır?” filmində Ceyran rolunun ifaçısı Nana Paçuaşvilinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Gürcüstanın tanınmış teatr və mədəniyyət xadimlərinin iştirak etdiyi yubiley axşamı ölkənin Mədəniyyət, İdman və Gənclər Nazirliyi və Tbilisi Meriyasının dəstəyi ilə baş tutub.
AJMEDIA xəbər verir ki, tədbirdə aktrisanın həyat və yaradıcılıq yoluna nəzər salınıb. Nana Paçuaşvilinin ömür və sənət yolunu əks etdirən Gürcüstanın Birinci kanalının istehsalı olan “Mən və mənim 88 əksim” adlı sənədli filmin premyerası olub. “Əhməd haradadır?” (1963) filmindən fraqmentlərin də daxil edildiyi ekran əsərində Nana Paçuaşvili Azərbaycan filmində çəkilməsinin tarixçəsindən ətraflı danışıb.
“Azərbaycanfilm” kinostudiyası da Nana Paçuaşvilini yubileyi münasibətilə fəxri fərmanla təltif edib. Fəxri fərmanda 2023-cü ilin kinostudiyanın 100, “Əhməd haradadır?” filminin 60 və Nana Paçuaşvilinin 80 illik yubileyi ilə əlamətdar olduğu qeyd edilib. Bildirilib ki, “Azərbaycanfilm”in istehsalı olan filmdə Nana Paçuaşvilinin yaratdığı Ceyran obrazı çoxsaylı azərbaycanlı tamaşaçıların gözlərində şən, gülərüz və mehriban qız kimi qalacaq. Aktrisanın Azərbaycan kinosundakı fəaliyyəti həmçinin iki xalqın mədəniyyəti arasında körpü kimi dəyərləndirilib.
Nana Paçuaşvili “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə və kollektivinə ona göstərdiyi diqqətdən, şəxsiyyətinə verilən yüksək dəyərdən məmnunluq ifadə edib, fəxri fərman və hədiyyəyə görə minnətdarlığını bildirib.
Tədbirdə Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani də iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts