Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Tokio, 6 sentyabr , /AJMEDIA/

Sentyabrın 5-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.
AJMEDIA xəbər verir ki, görüşdə Rusiya ilə Azərbaycan arasında münasibətlər, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Polad Bülbüloğlu MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri qismində fəaliyyəti, fondun xətti ilə keçirilmiş tədbirlər haqqında nazirə ətraflı məlumat verib.
Görüş əsnasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq proqramı, beynəlxalq təşkilatlar çərçivəsində mədəni əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tədbirlər haqqında məlumat mübadiləsi və qarşılıqlı iştirak imkanları, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə fəaliyyəti, habelə müştərək kino layihəsinin yaradılması, Azərbaycan və Rusiya tərəfindən təşkil edilən kinofestivallarda iki ölkənin filmlərinin iştirakı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bundan əlavə, cari ilin noyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın təmsil olunması, sözügedən forum çərçivəsində Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi imkanları da nəzərdən keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts