Azərbaycan arxeoloqlarının iştirak etdiyi beynəlxalq elmi tədqiqatın nəticələri dərc olunub

Tokio, 9 aprel , /AJMEDIA/

“Web of Science” və “Scopus” elmmetrik bazalarında yüksək impakt faktorlu “Nature Ecology and Evolution” jurnalının növbəti sayında “Qafqazda və Avrasiya çöllərində südlük maldarlığın yaranması və intensivləşməsi” sərlövhəli məqalə dərc edilib. Məqalə Şimali Qafqaz, Oka-Volqa-Don çayları hövzəsi və Azərbaycan ərazisindəki abidələrin əsasında Cənubi Qafqazda Neolit dövründən Antik dövrə qədər qədim insan qalıqlarının izotop analizlərinin nəticələrini əks etdirir.

Bu barədə AJMEDIA-ya AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan bildirilib. Qeyd olunub ki, beynəlxalq tədqiqat layihəsində Azərbaycanı institutun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev, Pərviz Qasımov, Bəxtiyar Cəlilov, Ceyhun Eminli və Emil İskəndərov təmsil ediblər.

Məqalənin həmmüəllifləri sırasında yer alan Azərbaycan arxeoloqları beynəlxalq elmi layihə çərçivəsində aparılan radiokarbon və izotop tədqiqatlara Neolit dövründən Antik dövrə qədər müxtəlif tipli abidələrdən nümunələr təqdim ediblər. Onlar, həmçinin həmin tapıntılar, tapıntıların dövrünə aid arxeoloji mədəniyyətlər, mədəniyyətlərin regional və lokal xüsusiyyətləri barədə məlumatları hazırlayıblar.

Qeyd edək ki, 4 il ərzində davam edən beynəlxalq tədqiqatlarda Azərbaycan, Almaniya, Rusiya, Fransa, ABŞ, İsveçrə və Finlandiyanın 24 elm mərkəzindən arxeologiya, arxeogenetika, paleozoologiya, paleobotanika, molekulyar biologiya, biofizika sahələri üzrə 34 alim iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts