Avstraliya kömür hasilatı və ondan istifadədən imtina barədə razılaşmaya qoşulmayacaq

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Avstraliya hökuməti Romada G20 qrupunun sammitində və Qlazqoda BMT-nin iqlim dəyişmələri konfransında (COP26) mütəmadi şəkildə kömürdən istifadədən imtina barədə razılaşmaya qoşulmayacaq.

AJMEDIA xəbər verir ki, bu barədə oktyabrın 30-da “The Australian” qəzeti G20 ölkələri liderlərinin sammitində iştirak etmək üçün Romaya gedən Baş nazir Skott Morrisona istinadla yazıb.

Nəşrin məlumatına görə, S.Morrison hər iki görüşdə Avstraliyanın maraqlarını birinci yerə qoyacaq və mütəmadi şəkildə kömür hasilatının azaldılması və ondan istifadədən imtina barədə razılaşmaya qoşulmayacaq.

Baş nazir, həmçinin qeyd edib ki, Avstraliya hazırda iqlim dəyişmələrinə qarşı ciddi mübarizə aparır və karbon emissiyalarının azaldılması istiqamətində qətiyyətli addımlar atır.

S.Morrisonun sözlərini sitat gətirən qəzet yazır: “Planlarımızı razılaşdırmaq və müzakirə etmək, həmçinin bir-birimizdən öyrənmək üçün bizim yaxşı imkanlarımız olacaq. Heç bir ölkə təklikdə qlobal səviyyədə iqlim dəyişmələri problemini həll edə bilməz. Buna görə də dünya ictimaiyyəti tullantıları azaltmaq üçün texnoloji yeniliklərin hamı tərəfindən istifadəsinə şərait yaratmağa çalışmalıdır”.

Xatırladaq ki, G20 liderlərinin görüşü oktyabrın 30-31-də Romada keçiriləcək.

Əlavə olaraq qeyd edək ki, Avstraliya bütün dünya üzrə ən böyük kömür hasilatçısı və ixracatçısıdır. Bu ölkə dünya bazarına ildə 400 milyon tona yaxın kömür ixrac edir ki, bu da həmin bazara gətirilən məhsulun təqribən 30 faizinə bərabərdir. Həmçinin 2020-ci ildə bu ölkənin kömür ixracından 41,1 milyard ABŞ dolları həcmində mənfəət əldə etdiyi bildirilir. Kömür, həmçinin daxili enerji bazarının 80 faizini təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts