AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi hesabat verib

Tokio, 31 yanvar , /AJMEDIA/

Yanvarın 31-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Rəyasət Heyətinin iclası keçirilib. Əvvəlcə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) alimlərinin 2022-ci ildə əldə etdikləri mühüm nəticələri əks etdirən sərgiyə baxış keçirilib.
AJMEDIA xəbər verir ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Akademik qeyd edib ki, bu il hesabatlar fərqli formatda, böyük auditoriyalarda təqdim olunur və bu addım Azərbaycan alimlərinin əldə etdikləri nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çıxan məqalələrinin sayının artırılmasının başlıca hədəflərdən olduğunu deyən İsa Həbibbəyli AMEA-nın elmi jurnallarının Türkiyənin Ulakbim – Dərgi Park elektron baza reyestrinə daxil edilməsi barədə razılığın əldə olunduğunu söyləyib. Həmçinin AMEA-nın ilk dəfə olaraq beynəlxalq elmi quruma – Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına üzvlüyə qəbul edildiyini, hazırda isə Avropa Akademiyaları Assosiasiyasına üzvlüklə bağlı işlərin davam etdirildiyini vurğulayıb. AMEA rəhbəri bildirib ki, akademiyanın beynəlxalq assosiasiyalara üzvlüyü Azərbaycan elminin əhatə dairəsinin genişlənməsinə və alimlərimizin xarici həmkarları ilə əlaqələrinin artmasına təkan verəcək.
İclasda AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Bildirilib ki, hesabat ilində biologiya, aqrar və tibb elmləri üzrə tədqiqatlar əsasən biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio, nano və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətləri üzrə aparılıb. Qeyd olunan istiqamətlərdə hesabat ilində 22 problem, 82 mövzu, 246 iş, 501 mərhələ üzrə tədqiqatlar aparılıb, 6 mövzu, 31 iş və 369 mərhələ tamamlanıb. Tibb müəssisələrində 32 problem, 145 mövzu (17-si tamamlanıb) və 305 işi (32-si tamamlanıb) əhatə edən 527 (76-sı tamamlanıb) mərhələ üzrə tədqiqatlar həyata keçirilib. 2022-ci ildə Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələrində 23, beynəlxalq və yerli əməkdaşlıq nəticəsində 5, bölmədənkənar elm və təhsil müəssisələrində 2, tibb sahəsində 16, aqrar elm üzrə isə 2 mühüm nəticə alınıb. Hesabat ilində bölmənin institutları tərəfindən 6, respublikanın tibb yönümlü elmi-tədqiqat və təhsil müəssisələrində isə 16 patent əldə edilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə bölmə institutları tərəfindən 1099 elmi əsər, o cümlədən 14 kitab (2-si xaricdə), 17 monoqrafiya (1-i xaricdə), 547 məqalə (317-si xaricdə, onlardan 165-i impakt faktorlu jurnallarda, 86-sı “Web of Science” və “Scopus” bazalarında), 521 tezis (198-i xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 3100 istinad edilib. İradə Hüseynova hazırda bölmənin 16 gənc mütəxəssisinin tanınmış xarici universitetlərdə doktorantura təhsili aldığını bildirib.
Hesabat dinlənildikdən sonra məruzə ətrafında çıxışlar olub, fikir və təkliflər səsləndirilib. Rəyasət Heyətinin qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin 2022-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts