Alimlər yeni pulsar aşkar edib

Tokio, 19 iyul , /AJMEDIA/

Alimlər Yerdən təqribən 22 min işıq ili uzaqlıqda ən güclü maqnit sahəsinə malik obyekt aşkar ediblər.
Bu barədə AJMEDIA-ya AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu vaxtadək müşahidə edilmiş güclü maqnit sahəli GRO J1008-57 və 1A 0535+262 pulsarlarının maqnit sahəsi təxminən 1 milyard Tesladır, Swift J0243.6+6124 adlı pulsar isə 1,6 milyard Tesla maqnit sahəsi ilə bu rekordu üstələyib.
Müqayisə üçün qeyd edilib ki, adi soyuducu maqnitinin maqnit sahəsinin induksiya vahidi təxminən 0,001 Tesladır. Daha güclü MRT maşınları təxminən 3 Teslaya çatır.
Bir neçə il əvvəl mühəndislər eksperimentlərində 1200 Tesla maqnit sahəsi ala biliblər, lakin onlar bu sahəni 100 mikrosaniyədən çox olmayaraq saxlaya bilmədilər. Sözsüz ki, 1,6 milyard Tesla maqnit sahəsi yalnız çox kiçik həcmə kimi sıxılmış və elektronları nəfəs kəsən sürətlərə qədər sürətlənə biləcək massiv obyektlərdə yaranır.
Swift J0243.6+6124 kimi pulsarların maqnit xassələrinin öyrənilməsi bu neytron ulduzların çox kompakt qabığının təbiətini izah edən müxtəlif modellərindən hansının doğru və ya yanlış olduğunu müəyyənləşdirməyə kömək edir. Xüsusilə, Swift J0243.6+6124 təbiəti pulsarın maqnit sahəsinin çoxlu qütblərdən ibarət mürəkkəb quruluşa malik olması ehtimalını təsdiqləyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts