ABŞ məhkəməsi ictimai nəqliyyatda maska taxmaq tələbini ləğv edib

Tokio, 19 aprel , /AJMEDIA/

Florida ştatının Federal Dairə Məhkəməsi koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ictimai nəqliyyatda maska taxmaq məcburiyyətinin uzadılması barədə ABŞ administrasiyasının qərarını ləğv edib.
AJMEDIA Associated Press agentliyinə istinadla xəbər verir ki, ötən həftə xəstəliklərə nəzarət və onların qarşısının alınması üzrə federal mərkəzlər ölkədə koronavirusun yayılmasının dinamikasını birmənalı şəkildə qiymətləndirmək üçün daha çox vaxta ehtiyac olduğunu iddia edərək qoruyucu maskaların məcburi taxılmasını mayın 3-dək uzadıb.
Qərara etiraz edən bir neçə fiziki şəxs və qeyri-kommersiya təşkilatı bu məsələ ilə bağlı məhkəməyə baş vurub. Məhkəmə isə öz növbəsində ABŞ hökumətinin genişmiqyaslı tələbi üçün Konqresin təsdiqinin və tibbi tənzimləyicinin arqumentinin lazım olduğu qənaətinə gəlib və maska rejiminin uzadılması barədə qərarı əsassız hesab edib.
Prezident Cozef Baydenin administrasiyası hələlik məhkəmə qərarının icrasına qarşı çıxmayacağını deyib. “Agentliklər qərarı nəzərdən keçirir və növbəti addımları qiymətləndirir. Məhkəmənin qərarı ictimai nəqliyyatda maska taxmaq tələbinin qüvvədən düşdüyü anlamına gəlir”, – deyə Ağ evin nümayəndəsi bildirib.
Artıq ABŞ-ın bəzi aviakompaniyaları uçuş zamanı maska taxmaq tələbindən imtina etdiklərini açıqlayıb. “Bütün daxili və bəzi beynəlxalq aviareyslərdə maska taxmaq tələb olunmur. Seçim sizindir”, – “United Airlines” kompaniyasının “Twitter” səhifəsində belə yazılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts