ABŞ konqresi ukraynalı pilotların hazırlanmasına 100 milyon dollar ayrılmasını təsdiqləyib

Tokio, 16 iyul , /AJMEDIA/

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna hərbçilərinə Amerika təyyarələrində təlim keçmək üçün 100 milyon dollar vəsait ayrılmasını təsdiqləyib.
AJMEDIA “Defense News” nəşrinə istinadla xəbər verir ki, müvafiq qərar Konqresin aşağı palatası tərəfindən növbəti maliyyə ili üçün müdafiə büdcəsinə düzəliş kimi qəbul edilib.
Düzəlişin müəllifi İllinoys ştatından olan respublikaçı Adam Kinzingerdir. Onun sözlərinə görə, təklif olunan layihə gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin Qərb texnologiyalarına keçidini asanlaşdıracaq. Konqresmen Missisipi və ya Texasdakı bazalarda ukraynalı pilotların təliminə başlamağa hazır olduqlarını bildirib. F-15 və F-16 döyüş təyyarələrini idarə etmək üçün baza biliklərini öyrənmək təxminən üç ay çəkəcək.
Qeyd edək ki, iyulun 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası cari il oktyabrının 1-dən başlayacaq 2023-cü maliyyə ili üçün təqribən 840 milyard dollar həcmində müdafiə büdcəsi layihəsini təsdiqləyib. Senat da öz büdcə layihəsini təsdiqlədikdən sonra hər iki layihənin detallarının razılaşdırılması üçün komissiya yaradılacaq. Ardından hər iki palatada razılaşdırılmış sənəd üzrə yenidən səsvermə keçiriləcək və yalnız bundan sonra o, imzalanması üçün prezidentə göndəriləcək. Adətən bu proses payız-qış aylarına qədər davam edir. Lakin Konqresə noyabrda keçiriləcək aralıq seçkiləri səbəbindən proses ləngiyə bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts