ABŞ Federal Ehtiyatlar Sistemi inflyasiyanın artmasının qarşısını almaq üçün faiz dərəcəsini xeyli artırıb

Tokio, 16 iyun , /AJMEDIA/

Birləşmiş Ştatlarda qiymətlərin artması təhlükəsinin saxlandığı bir vaxtda Federal Ehtiyatlar Sisteminin (FES) siyasət məsələlərinə dair iki günlük müşavirəsi çərşənbə günü başa çatıb. Bu müşavirədə təqribən 30 il ərzində ilk dəfə olaraq əsas faiz dərəcəsi 75 baza bəndi qədər artırılıb.
AJMEDIA xəbər verir ki, belə addım atılacağı gözlənilirdi. Analitiklərin əksəriyyəti inflyasiyanın artmasına qarşı daha səmərəli mübarizə üçün bu addımı zəruri tədbir hesab edirdi. ABŞ Mərkəzi Bankı tərəfindən faiz dərəcəsinin birdən birə 75 bənd qədər artırılması axırıncı dəfə 1994-cü ildə olub və bundan dərhal sonra Amerika iqtisadiyyatında canlanma baş verib.
Faiz dərəcəsinin artırılması elan ediləndən sonra FES sədri Cerom Pauell bu tədbirin səbəblərini izah edib.
Pauell deyib: “Əmək bazarında bolluqdur, inflyasiya isə hədsiz dərəcədə yüksəkdir. Bu fonda federal açıq bazarlar komitəsi uçot dərəcəsini 75 baza bəndi qədər artırıb və bu göstəricinin daha da artırılacağı gözlənilir”.
Ölkədə işsizlik səviyyəsi tarixən aşağı səviyyədədir. Bu, əhalinin alıcılıq qabiliyyətinin artırılmasına şərait yaradır və nəticə etibarilə bazar iqtisadiyyatında qiymətlər artır. ABŞ Əmək Nazirliyinin bu il may ayı üçün hesabatında qeyd edilir ki, ölkədə işsizlik səviyyəsi təqribən 3,6 faizdir. 2020-ci ilin əvvəlində COVID-19 pandemiyası başlanandan sonra işsizlik səviyyəsi 15 faizə qədər yüksəlmişdi, halbuki 10 il əvvəl bu göstərici təqribən 8 faiz idi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts