“Əlibaba və qırx quldur” tamaşası yenidən Kukla Teatrın səhnəsində

Tokio, 12 oktyabr , /AJMEDIA/

Oktyabrın 14-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıda “Əlibaba və qırx quldur” tamaşası nümayiş ediləcək.
AJMEDIA xəbər verir ki, ibrətamiz hadisələrlə zəngin tamaşanın quruluşu teatrın istedadlı rejissoru Anar Məmmədova məxsusdur.
Var-dövlətə, şan-şöhrətə hərislik kimi mənfi xüsusiyyətlərin tənqid hədəfinə çevrildiyi tamaşada balaca izləyicilərə dürüstlük və mənəvi zənginliyin daha vacib olduğu təlqin olunur. İstər insanların var-dövlətinə qənim kəsilən quldurbaşı və dəstəsinin, istərsə də Əlibabanın tamahkar qardaşının başına gələn acınacaqlı hadisələr fonunda yalnız zəhmət və onun halal bəhrəsi ilə xoşbəxt olmağın mümkünlüyü göstərilir.
Ümumi ampluada yenə də yaxşının pisi ram etməsini nümayiş etdirən tamaşanın rejissoru bununla balaca tamaşaçılara hər uğurun önündə ədalət hissi durur mesajını verir. Zəngin səhnə tərtibatlı və ecazkar Şərq elementli tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Tamaşada rəngarəng səhnə geyimləri, arxa və yan planlardakı çalarlılıq, fərqli səhnə elementlərinin müxtəlifliyi diqqəti cəlb edir.
Tamaşanın musiqi tərtibatı dahi Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti əsasında qurulub. Baletin müxtəlif musiqi taktlarının harmonik istifadə olunduğu tərtibatda uşaqlara tamaşa vasitəsilə klassik simfonik musiqimiz də təbliğ olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts