Zəngilan hava limanında yeni uçuşları idarəetmə sistemi tətbiq edilir

Tokio, 26 aprel , /AJMEDIA/

“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazisində – Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemini tətbiq edir.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən AJMEDIA-ya bildirilib ki, qeyd edilən sistemin uğurlu sınağı aprelin 26-da AZANS-ın və Almaniyanın ərazisində hava hərəkətinin idarə olunmasına cavabdeh olan “DFS Aviation Services” (DAS) şirkətinin nümayəndələrinin birgə iştirakı ilə reallaşıb. Sistem DAS mütəxəssisləri tərəfindən hazırlanmış müasir avtomatlaşdırılmış “Phoenix” sisteminə əsaslanır.
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən yeni beynəlxalq hava limanları bütün müasir təhlükəsizlik standartlarına cavab verir, yüksək beynəlxalq tələblərə cavab verən inkişaf etmiş infrastruktura malikdir. Zəngilan hava limanında yeni avtomatlaşdırılmış sistemin tətbiqi uçuşların təhlükəsizliyinin yüksəldilməsinə, həmçinin hava məkanının buraxılış qabiliyyətinin artırılmasına kömək edəcək”, – deyə AZAL prezidenti Cahangir Əsgərov deyib.
“Azərbaycanın yeni beynəlxalq hava limanlarında “Phoenix” proqram-aparat kompleksinin tətbiqi çərçivəsində AZANS və DAS arasında əməkdaşlıq uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir”, – deyə DAS-ın idarəedici direktoru Andreas Pouç qeyd edib.
AZANS-ın bütün texniki və əməliyyat heyəti Almaniya mütəxəssisləri tərəfindən keçirilən müvafiq təlimlər keçib.
Qeyd etmək lazımdır ki, “Phoenix” sistemi Azərbaycanın yeni hava limanlarında dispetçer qüllələrinin istismarı üçün tətbiq edilən ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemidir. İlk sistem Almaniyanın aeronaviqasiya xidməti tərəfindən 2021-ci ilin avqust ayında Füzulidə beynəlxalq hava limanında tətbiq edilib.
Zəngilanda 3 min metr uzunluğunda uçuş-enmə zolağı olan beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunacaq.
Zəngilan rayonundakı beynəlxalq hava limanının bu il istismara verilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts