Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

Tokio, 7 may , /AJMEDIA/

Azərbaycanda uzun illərdir həyata keçirilmiş islahatlar, icra olunmuş proqramlar, ümumilikdə dövlətin siyasəti nəticəsində ölkəmizdə əlverişli biznes və sərmayə mühiti, istehsal üçün münbit imkanlar yaranıb. Bu imkanlardan təkcə yerli investorlar yox, həm də xarici investorlar yararlanırlar. Ölkəmizin əlverişli biznes və sərmayə mühiti mütəmadi olaraq beynəlxalq təşkilatların, tanınmış ixtisaslaşmış qurumların hesabatlarında xüsusi qeyd olunur, reytinq cədvəllərində yüksək yerlərə layiq görülür.

AJMEDIA xəbər verir ki, nüfuzlu “Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildə birbaşa xarici investisiyaların artımına görə dünya şəhərlərinin TOP 100 reytinqini açıqlayıb. Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb. Böyük Britaniyanın məşhur “Financial Times” nəşrinə məxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə qlobal və regional bazarların, korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin FDI-100 metodologiyası birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanır. Reytinq özəl kapital bazarları üzrə məlumatların qiymətləndirilməsi və elan edilmiş investisiya layihələrinin sayını, kapital qoyuluşunun və birbaşa xarici investisiyaların artım tempini, habelə investisiyalar hesabına yaradılacaq yeni iş yerlərinin sayını nəzərə alır.

Nəşrin reytinq cədvəlində ilk pilləni Almaniyanın Manheyim şəhəri, ikinci pilləsində isə Rumıniyanın Krayova şəhəri yer alıb. Üçüncü pillədə qərarlaşan Bakı birbaşa xarici investisiyaların artımına görə dünyanın bir çox iri şəhərlərini, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin şəhərlərini qabaqlayıb. Bunlar arasında hazırda dünya iqtisadiyyatının yeni mərkəzinə çevrilən Asiya regionunun iqtisadi cəhətdən öndə gedən şəhərləri, o cümlədən Çinin Şanxay, Honkonq, Yaponiyanın Osaka, Vyetnamın Hoşimin, Malayziyanın Kuala-Lumpur kimi şəhərləri də var.

Azərbaycana xarici investorların marağının çoxalması yuxarıda qeyd etdiyimiz kimi əlverişli biznes və sərmayə mühitinin təmin olunması və bu istiqamətdə işlərin ardıcıl davam etdirilməsinə görədir. Ulu Öndərin müəllifi olduğu neft strategiyası xarici investisiyaların Azərbaycan iqtisadiyyatına yolunu açıb. Təbii ki, ilk mərhələdə xarici sərmayələr Azərbaycanın enerji sektoruna yatırılırdısa, sonrakı mərhələdə artıq investisiyaların, o cümlədən xarici investisiyaların qeyri-neft sektoruna yönəlməsi müşahidə olunub. 1995-2023-cü illərdə Azərbaycana 114,4 milyard, o cümlədən qeyri-neft sektoruna 19,4 milyard dollar birbaşa xarici investisiya yatırılıb. Qeyri-neft sektorunun inkişafı və bu sahəyə xarici sərmayələrin də cəlb olunması istiqamətində atılmış əhəmiyyətli addımlardan danışarkən iqtisadi zonaları, sənaye parklarını və təbii ki, Ələt Azad İqtisadi Zonasını qeyd etmək lazımdır. Bu sənaye parkları və iqtisadi zonalar xarici investorların diqqətini cəlb edib, artıq həmin ərazilərdə fəaliyyətə başlayan müəssisələr də var. Onlar arasında Çin şirkətlərinin də olduğunu xüsusi qeyd etmək lazımdır.

Ümumiyyətlə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Çin kapitallı xeyli şirkət fəaliyyət göstərir. Bunlar arasında ötən il dövlətimizin başçısı İlham Əliyevin də açılışında iştirak etdiyi keramika istehsal edən zavod da var. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “Vanhong” keramik piltələr istehsalı müəssisəsi 100 faiz Çin kapitallı müəssisədir. Ümumi investisiya dəyəri 85 milyon manatdan çox olan müəssisədə 484 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.

Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha bir layihə Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalı layihəsidir. BYD şirkәti tәrәfindәn layihəyə ilkin olaraq 34 milyon dollar, daha sonra isə əlavə dəyər yaradan investisiya layihələrinin icrasına 60 milyon dollar mәblәğindә investisiyanın yatırılması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindәn elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin lokallaşdırılması nәzәrdә tutulub.

Beləliklə, Azərbaycandakı sərmayə və biznes mühitini, beynəlxalq təşkilatların qiymətləndirmələrini əsas götürüb deyə bilərik ki, qarşıdakı illərdə ölkəmizə cəlb olunacaq xarici investisiyaların, o cümlədən Çin investisiyalarının məbləği daha da artacaq. Nəzərə alaq ki, işğaldan azad olunan ərazilərdə aparılan genişmiqaslı bərpa-quruculuq işləri ilə yanaşı, həmin bölgədə istehsal və kənd təsərrüfatı müəssisələrinin yaradılması prosesi gedir. Habelə, müasir geosiyasi reallıqlar fonunda Azərbaycanın dünya iqtisadiyyatı, beynəlxalq yükdaşımalar üçün artan əhəmiyyətini də nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan növbəti illərdə də xarici investorlar üçün cəlbediciliyini nəinki qoruyacaq, hətta artıracaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts