Yaponiyanın yutub kanalında Azərbaycanın Avropaya qaz nəqlini artıracağı barədə veriliş yayımlanıb VİDEO

Tokio, 12 oktyabr , /AJMEDIA/

Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalında Azərbaycanın Avropaya qaz nəqlini iki dəfə artıracağı ilə bağlı veriliş yayımlanıb.
AJMEDIA xəbər verir ki, verilişin aparıcısı Yaponiyada kifayət qədər tanınmış yutub bloqeri Kazuyasu İşida Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol barədə yapon izləyicilərə ətraflı məlumat verib. Qeyd edilib ki, beynəlxalq aləmdə baş verən son proseslər fonunda bütün dünyada enerji mənbələrinə tələbat kəskin artıb. Belə bir dövrdə Azərbaycan müraciət edən bütün ölkələrlə bu sahədə faydalı əməkdaşlıq qurmağa hazır olduğunu nümayiş etdirir. Yaponiyanın da Azərbaycan ilə bu sahədə əməkdaşlıq əlaqələri qurmasını vacibliyi vurğulanıb.
Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Cənub Qaz Dəhlizi ilə enerji mənbələrini dünya bazarına ötürən və zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan artıq Avropada etibarlı tərəfdaş kimi çox yaxşı tanınıb. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, həm də ölkəmizin böyük nüfuz qazanmasına səbəb olub. Eyni zamanda, uğurlu xarici siyasət yeridən Prezident İlham Əliyevin səyləri nəticəsində Mərkəzi Asiyada yerləşən Qazaxıstan və Türkmənistan kimi zəngin enerji ehtiyatlarına malik olan ölkələr də öz enerji ehtiyatlarını Azərbaycan üzərindən Avropaya nəql etmək barədə qərar qəbul ediblər.
Verilişdə məhz bunun nəticəsində Azərbaycanın Avropa ölkələrinin enerji təminatında rolunun kəskin artdığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan “Şahdəniz” yatağından çıxarılan qazın hasilatını artırmağı da nəzərdə tutur və bu, Avropa ölkələrinin enerji təminatında xüsusi rol oynayacaq.
Həmçinin verilişdə həmin siyasətin bir sıra ölkələr tərəfindən, xüsusən də Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlamış Ermənistan tərəfindən böyük qısqanclıqla qarşılandığı xüsusi vurğulanıb. Qeyd edilib ki, belə mühüm beynəlxalq layihələrin qarşısını almağa çalışan Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədərək, iki ölkə arasında qarşıdurma yaratmağa və üçüncü ölkələri münaqişəyə cəlb etməyə çalışır. Buna misal olaraq sentyabrın 12-14-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nümunə kimi qeyd edilib.
Qeyd edək ki, Yaponiyada populyarlığı ilə seçilən “Cross Border Club 3.0” yutub kanalının hazırda 120 mindən çox abunəçisi, 500 minədək izləyicisi var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts