Yaponiyanın Baş naziri Asiya turuna yola düşüb

Tokio, 12 noyabr , /AJMEDIA/

Noyabrın 12-də səhər saatlarında Yaponiyanın Baş naziri Fumio Kişida Asiya turuna yola düşüb.
AJMEDIA xəbər verir ki, Baş nazir Kambocada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN), Bali adasında G20 ölkələri liderlərinin və Tailandda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitlərində iştirak edəcək. Fumio Kişida səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Ukrayna və Şimal Koreya ətrafında vəziyyətlə bağlı müzakirələrə qoşulacağını deyib.
“Səfər zamanı Ukrayna və Şimali Koreya ətrafında vəziyyətlə bağlı, həmçinin ərzaq və enerji təhlükəsizliyi kimi beynəlxalq mövzularda müzakirələrin aparılacağı gözlənilir. Bu məsələlərlə bağlı Yaponiyanın mövqeyini və arqumentlərini səsləndirmək lazımdır”, – deyə Baş nazir bildirib.
F.Kişida sammitlər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə ikitərəfli müzakirələr aparacağını da istisna etməyib. Kyodo agentliyinin məlumatına görə, Yaponiyanın Baş naziri Çin lideri ilə Tailandda, APEC sammiti zamanı görüşməyi planlaşdırır.
Qeyd edək ki, ASEAN ölkələrinin Kambocada təşkil edilən sammiti noyabrın 10-13-də, G20 ölkələrinin liderlərinin sammiti İndoneziyanın Bali adasında noyabrın 15-16-da, APEC sammiti isə noyabrın 16-19-da Tailandda keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts