Yaponiyanın Azərbaycandakı səfirliyi “Yaponiya Araşdırmalar Mərkəzi”ni avadanlıqla təmin edəcək

Tokio, 15 dekabr, /AJMEDIA/
Dekabrın 15-də Yaponiyanın Azərbaycandakı səfirliyində “Mədəniyyət üzrə Ot kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində “Azərbaycan Dillər Universitetində Yaponiya Araşdırmalar Mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai birliyinin sədri Yasin Dadaşov, Azərbaycan Dillər Universitetinnin “Yaponiya Araşdırmalar Mərkəzi”nin müdiri Yaşar İbrahimov iştirak ediblər. Bildirilir ki, layihənin əsas məqsədi Azərbaycanda yapon dilinin əsas tədris müəssisələrindən biri olan Azərbaycan Dillər Universitetinin Yaponiya Araşdırmalar Mərkəzində təhsil səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə 2 otağı komputer, printer, kitab şkafı, stol, stul və digər lazımi avadanlıqlarla təchiz etməkdir.

İmzalanma mərasimində səfir Vada Cunuçi yapon dili təhsili ilə bağlı gözləntilərini ifadə edərək deyib: “Ümid edirəm ki, bu layihə vasitəsilə daha çox tələbə yüksək keyfiyyətli təhsil almaq şansı əldə edəcək”.
Təşkilatın sədri Yasin Dadaşov isə Yaponiya hökumətinin “Mədəniyyət üzrə Ot Kökləri Qrant Yardımına” görə təşəkkürünü bildirib: “Bu işin iki məqsədi var. Birincisi insan resurslarının inkişafına töhfə vermək, ikincisi isə yüksək səviyyəli təhsil mühiti olan mərkəzi yeniləməkdir. Ümid edirəm ki, bu layihənin həyata keçirilməsi ilə Azərbaycan Dillər Universitetində “Yaponiya Araşdırmalar Mərkəzi” daha da təkmilləşdiriləcəkdir”.
Onu da qeyd edək ki, bu layihə gələn ilin əvvəllərindən tətbiq edilməyə başlayacaq və tezliklə tələbələrin təhsil almaq şəraiti xeyli dərəcədə yaxşılaşaraq müasir tələblərə cavab verəcəkdir. Bu da daha yüksək səviyyəli tələbələrin yetişdirilməsinə zəmin yaradacaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts