Yaponiyada koronavirusun “omikron” ştamına daha səkkiz yoluxma faktı qeydə alınıb

Tokio, 11 dekabr, /AJMEDIA/

Dekabrın 11-də Yaponiyanın hökumət strukturları koronavirusun “omikron” ştamına daha səkkiz yoluxma faktının qeydə alındığını bildirib. Beləliklə ölkə üzrə bu ştama yoluxanların ümumi sayı 12 nəfərə çatıb.

AJMEDIA xəbər verir ki, ştama yeni yoluxanların hamısı noyabrın sonu dekabrın əvvəllərində ölkəyə gələnlərdir. Onların Namibiya, ABŞ, Mozambik və Konqo Demokratik Respublikasından gəldikləri qeyd edilir. Həmin şəxslərdən ikisi Yaponiyada “omikron” ştamının ilk qeydə alındığı namibiyalı diplomatla ünsiyyətdə olub.

Koronavirusun yeni ştamının yayılmasının qarşısını almaq məqsədilə Yaponiya hökuməti sərhəd nəzarətini daha da sərtləşdirib. Hazırda Yaponiyaya yalnız bu ölkənin vətəndaşları və burada yaşamaq statusuna malik olan əcnəbilər buraxılır. Ölkəyə geri dönən hər bir belə şəxs 3 gündən 10 günədək xüsusi yerlərdə karantin rejimində qalmalıdır.

Qarşıdan gələn bayram günlərində ölkəyə dönənlərin yerləşməsi üçün hazırda 10 minədək otağın ayrılması nəzərdə tutulur.

Mütəxəssislər görülən tədbirlərə baxmayaraq, yoluxma sayının artacağı barədə xəbərdarlıq edirlər. Belə ki, ötən Yeni il ərəfəsində insanların kütləvi şəkildə bir yerə toplaşması gündəlik yoluxma sayının kəskin artmasına səbəb olub.

Son məlumatlara görə, Yaponiyanın hökumət strukturları 146 yeni yoluxma və bir ölüm halı qeydə alıb. Tokioda yeni yoluxma sayı 25 nəfər təşkil edib. Artıq 29 gündür ki, paytaxtda yoluxma sayı 30-dan aşağıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts