Yaponiyada keçirilən “Cosme Week Tokyo” beynəlxalq sərgisində Azərbaycanı “AzRose” şirkəti təmsil edir VİDEO

Tokio, 14 yanvar, /AJMEDIA/

Yanvarın 12-də Yaponiya paytaxtının möhtəşəm “Big Sight” sərgi salonunda açılan “Cosme Week Tokyo” beynəlxalq kosmetika məhsulları sərgisində Azərbaycanı Zaqatala rayonunun “AzRose” şirkəti təmsil edir.

AJMEDIA xəbər verir ki, Tokioda ilk dəfə təşkil edilən sərgidə dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət iştirak edir. Koronavirus pandemiyasına baxmayaraq, builki sərgiyə on minlərlə ziyarətçinin gələcəyi gözlənilir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə investisiya yatıran Yaponiyanın “TET International Development Co. Ltd.” şirkəti Zaqatalada fəaliyyət göstərən “AzRose” şirkəti ilə alqı-satqı barədə məxsusi müqavilə imzalayıb. Müqavilənin məqsədi “AzRose” şirkəti tərəfindən qızılgüldən istehsal edilən məhsulların Yaponiyada və ətraf ölkələrdə satışının təşkil edilməsidir. “Cosme Tokyo” sərgisi Yaponiyada iki ildən bir təşkil edilir və Asiya regionunda müxtəlif ölkələrin kosmetika üzrə məhsullarının nümayiş olunduğu ən böyük sərgilərdən biri hesab edilir. Bu sərgidə yalnız məhsullar deyil, həmçinin sahə üzrə yeni texnologiyalar və marketinq alətləri də ziyarətçilərə təqdim olunur.

Sərginin ilk günündə Azərbaycan şirkətinin stendi ziyarətçilərin böyük marağına səbəb olub. “AzRose” şirkətinin meydançasını həm istehsalçı, həm də alıcı şirkətlərin çoxsaylı nümayəndələri ziyarət ediblər.

“TET International Development Co. Ltd.” şirkətinin prezidenti Taro Savada bildirib ki, “AzRose” şirkətinin böyük potensiala malik olan məhsulları bununla ikinci dəfədir ki, Yaponiyada təşkil edilən beynəlxalq sərgidə ictimaiyyətə təqdim edilir. İlk dəfə Azərbaycan şirkətinin məhsulları “Cosme Osaka” sərgisində ötən ilin sentyabrında ziyarətçilər təqdim edilib və böyük maraqla qarşılanıb.

Şirkətin satış üzrə meneceri Kazuki Koizumi isə deyib ki, “AzRose” şirkətinin Tokioda ilk dəfə təqdim olunmasına baxmayaraq, Azərbaycan məhsuluna maraq böyükdür: “Meydançada quraşdırılan stenddə biz Azərbaycan istehsalı olan efir yağlarını təqdim edirik. Burada “AzRose” şirkətinin “Qızıl gül yağı”, “Lavanda yağı”, “Nanə” və “Yovşan yağı” ziyarətçilərə təklif edilir. Azərbaycan şirkətinin fərqli cəhəti xammalı özünün yetişdirməsində və sonradan onu efir yağına çevirməsindədir.

Əlavə olaraq deyə bilərəm ki, şirkət özü hələ gənc olsa da, hər il əkin sahəsini və ixrac həcmini artıraraq çox güclü bir şirkətə çevrilmək niyyətindədir.

Yaponiyada Bolqarıstandan olan qızılgüllər məşhur olsa da, gördüyünüz kimi, Azərbaycan məhsuluna da böyük maraq var. Düşünürəm ki, “AzRose” şirkətinin məhsullarının Yaponiya bazarına çıxarılması Azərbaycanda regional inkişafa da mühüm təsir göstərəcək. Yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Yaponiya bazarına gəlincə, bizim burada hədəfimiz kosmetika və ətir istehsalçıları, OEM istehsalçıları, ticarət şirkətləri və digərləridir. “AzRose” bazara daxil olan yeni şirkət olmasına baxmayaraq, onun məhsullarının keyfiyyəti Bolqarıstanın məşhur məhsullarından heç də geri qalmır. Biz bu məhsulların keyfiyyətinə tam əminik, ona görə də təkcə efir yağlarını deyil, həm də Azərbaycanın cazibəsini, əzəmətini, ənənəsini yapon xalqına çatdırmağa çalışırıq. Dəməşq qızılgülündən alınan məhsulları sərgi iştirakçılarına təklif edərək, məhsulun yetişdirilməsi, emal texnologiyaları barədə ətraflı məlumatlar veririk. Bu işdə yapon dilində hazırladığımız bukletlər, xüsusi videoçarx, məhsul nümunələri bizə böyük yardım edir. Gördüyünüz kimi, Azərbaycan məhsulunun keyfiyyəti sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanır və yüksək qiymətləndirilir. Azərbaycanın gözəlliklərini, keyfiyyətli məhsullarını Yaponiyada tanıtmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edirik. İnanırıq ki, Azərbaycan məhsulu həm Yaponiya, həm də ətraf ölkələrin bazarlarında öz layiqli yerini tutacaq”.

Azərbaycan məhsulları ilə tanış olmaq üçün sərgi mərkəzinə gələn Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər də fikirlərini bölüşüb: “Mən artıq 40 ildir ki, Yaponiyada yaşayıram. İlk dəfədir ki, Azərbaycan məhsullarının Tokioda keçirilən sərgidə təqdim edilməsinin şahidi oluram. Son illər, xüsusən də Vətən müharibəsində möhtəşəm Qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan adı Yaponiyada çox geniş yayılıb. Bu gün təşkil edilən sərgidə Azərbaycan məhsuluna böyük marağın da şahidi oldum. Bu, mənə böyük qürur verdi. Ümid edirəm ki, bundan sonra Azərbaycan məhsulları Yaponiyada daha geniş yayılacaq. Azərbaycan yalnız nefti və qazı ilə deyil, həm də digər məhsulları ilə bütün dünyada tanınacaq. Ticarətin inkişafı Azərbaycanın gələcəyinin daha yaxşı olacağına bizi inandırır və biz buna çox sevinirik”.

Azərbaycan məhsullarını böyük maraqla qarşılayan Yaponiyanın “JİJİMA Holdings Co.Ltd.” şirkətinin prezidenti xanım Yoko Sato isə deyib ki, “AzRose” şirkətinin məhsulu yüksək keyfiyyəti ilə onun diqqətini cəlb etdi: “Azərbaycan məhsulunun çox gözəl qoxusu mənim diqqətimi cəlb etdi və dərhal işgüzar danışıqlara başladım. Yaponlar qızılgülü çox sevirlər və mən Azərbaycan çiçəkləri haqqında daha çox bilmək və öz biznesimdə onlardan istifadə etmək istəyirəm. Razılığa gəldik ki, biznes danışıqlarını bundan sonra da davam etdirək. Azərbaycanın qızılgüllərinin iyi həqiqətən çox gözəldir”.

Qeyd edək ki, sərgi yanvarın 14-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts