Yaponiya hökuməti batan gəmidə 11 nəfərin öldüyünü təsdiq edib

Tokio, 25 aprel , /AJMEDIA/

Yaponiya hökuməti ötən istirahət günlərində Hokkaydo adası sahillərində “KAZU 1” gəmisinin batması nəticəsində 11 nəfərin həyatını itirməsi barədə məlumatı təsdiq edib.
AJMEDIA xəbər verir ki, bu barədə aprelin 25-də keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Yoşihiko İsozaki bildirib.
“Son məlumatlara görə, 11 nəfərin cəsədini aşkar etmək mümkün olub”, – deyə Y.İsozaki qeyd edib. Əlavə edib ki, iki nəfər heyət üzvünün də daxil olduğu qalan 15 nəfər isə hazırda itkin düşmüş hesab olunur.
Hələlik batmış gəminin tapılmadığını qeyd edən məmur, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Y.İsozaki, həmçinin axtarış-xilasetmə işlərinin sürətləndirilməsi barədə Baş nazir Fumio Kişidanın göstəriş verdiyini də xatırladıb. Bununla yanaşı, hökumət başçısının dəftərxanası yanında hadisə ilə bağlı informasiyanın toplanması və təhlili ilə əlaqədar böhran qərargahının yaradıldığını qeyd edib.
Xatırladaq ki, “KAZU 1” kruiz gəmisi aprelin 23-də qəza barədə siqnal göndərdikdən sonra onunla əlaqə kəsilib. Gəminin göyərtəsində ikisi uşaq olmaqla 24 sərnişin olub. Gəminin qəzaya uğradığı ərazidə hazırda Sahil Mühafizəsi Xidməti və Yaponiya özünümüdafiə qüvvələri axtarışları davam etdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts