Xaçınçaya gələn sel suları əkin sahələrinin suvarılmasına yönəldilib

Tokio, 28 may , /AJMEDIA/

Son günlər aramsız yağan yağışlar nəticəsində Ağdam rayonu ərazisindəki Xaçınçay və Qarqarçaya sel suları gəlib. İşğaldan azad edilmiş ərazilərdən gələn sel suları ilə əkin sahələrinin suvarılmasına başlanılıb. Suvarma işləri Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşlarının nəzarəti ilə həyata keçirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə AJMEDIA-ya bildirib ki, idarənin balansında olan Xaçınçay su anbarının həcmi 23 milyon kubmetrdir. Yağıntılar nəticəsində Xaçınçay su anbarı tam dolub. Su anbarından artıq olan su çaya axır. “Çaya gələn sel sularından suvarmada səmərəli şəkildə istifadə edilir. Qərvənd, Xındırıstan kəndlərinin və Quzanlı qəsəbəsinin ərazisindəki əkin sahələrinin su təminatına çalışırıq. Eyni zamanda, əkin sahələrinə, təsərrüfatlara ziyan dəyməsin deyə, selə qarşı mübarizə tədbirləri də həyata keçirilir”.
Xaçınçaya gələn suyun əkin sahələrinə yönəldilməsi fermerlərin ürəyincədir. Onlar deyir ki, Xaçınçaya gələn sel suları hesabına sahələrini rahat şəkildə suvara bilirlər. Eyni zamanda, çay suyu subartezian quyuları ilə müqayisədə daha keyfiyyətli və minerallarla zəngindir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts