V “Animafilm” Beynəlxalq Animasiya Festivalında 29 ölkəni təmsil edən filmlər nümayiş olunacaq

Tokio, 30 avqust , /AJMEDIA/

Bakıda “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək V “Animafilm” Beynəlxalq Animasiya Festivalı ilə əlaqədar sentyabrın 6-da Nizami Kino Mərkəzində mətbuat konfransı təşkil ediləcək.
AJMEDIA xəbər verir ki, “Bir bilet = bir ağac” şüarı altında keçiriləcək V “Animafilm” festivalının proqramı açıqlanıb. Festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Siyahı festivalın www.animafilm.az rəsmi saytında dərc olunub.
Uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi V “Animafilm” Beynəlxalq Animasiya Festivalı 2022-ci il, sentyabrın 7-dən 11-dək Nizami Kino Mərkəzində keçiriləcək. Festivalın geniş proqramı açıqlanaraq, artıq bilet satışı elan edilib. Beynəlxalq tədbir “İqlim dəyişikliyi”nə həsr olunduğuna görə, bilet satışından əldə olunacaq bütün vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Bu il festival tamaşaçılara üç əsas proqram təqdim edəcək. Müsabiqə və müsabiqədənkənar, eləcə də peşəkarlar üçün proqram. Animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq.
Qeyd edək ki, festivala 50 müxtəlif ölkədən 230 film təqdim olunub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 76 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək, qaliblər festivalın açılış və bağlanış mərasimlərində elan olunacaq. Bundan əlavə, bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri əsasında müəyyənləşdiriləcək və qalibə isə mükafatlar təqdim olunacaq. Müsabiqədənkənar proqramda iqlim dəyişikliyi ilə bağlı filmlər, uşaqlar üçün “Ana təbiət” proqramı, Çexiyanın “Hətta siçanlar da cənnətə aiddir” tammetrajlı filmi, Ukrayna animasiyası, virtual sərgi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalib filmləri təqdim olunacaq. Həmçinin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Hava övladı” adlı tammetrajlı animasiya filmi nümayiş etdiriləcək. Peşəkarlar üçün proqramda hazırda üzərində iş gedən Azərbaycan animasiya filmləri təqdim olunacaq, beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Jonathan Laskarın (İsveçrə) ustad dərsi təşkil olunacaq. Bunlardan başqa, proqramda Nitya Ramlogan (ABŞ), Tilly Wallace (İngiltərə) və Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə “Stop motion” və “Şüşə üzərində animasiya” vörkşopları da nəzərdə tutulub.
Festival çərçivəsində animasiya restavrasiyasına dair “Animasiyanın refreyminqi: Rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da keçiriləcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək builki festival “İqlim dəyişikliyi” mövzusuna həsr olunub. Festival çərçivəsində iqlim dəyişikliyi ilə bağlı filmlərin nümayişi və müzakirəsi ilə yanaşı, geniş xeyriyyə aksiyası keçiriləcək. Belə ki, festivalın bilet satışından əldə olunan bütün vəsait ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts