Vətən müharibəsi şəhidi Şəhriyar İsmayılzadənin xatirəsi anılıb

Tokio, 11 noyabr , /AJMEDIA/

Şirvanda Vətən müharibəsi şəhidi Şəhriyar Əkbər oğlu İsmayılzadənin şəhadətə yüksəlməsinin ikinci ildönümü qeyd olunub. Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, şəhidin xatirəsi ehtiramla yad edilib.
AJMEDIA xəbər verir ki, şəhidin anım günündə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər icra hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. Vətən uğrunda canını fəda edən şəhidlərin əbədi ehtirama layiq olduğu bildirilib, Şəhriyar İsmayılzadənin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edilib. Şəhriyarın və bütün şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağı, hörmət və ehtiramla xatırlanacağını vurğulayıb. Onların ömür yolunun gənclərə nümunə olduğu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağı bildirilib.
Həmçinin şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət səviyyəsində mühüm tədbirlər görüldüyü diqqətə çatdırılıb. Dövlətimizin başçısının Zəfər Günü ərəfəsində imzaladığı Sərəncamla Şəhriyar İsmayılzadənin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinin şəhidlərin xatirəsinə ehtiramın bariz nümunəsi olduğu bildirilib. Şəhid adlarının əbədiləşdirilməsi, ailələrinin diqqət və qayğı ilə əhatə olunması sahəsində Şirvan şəhərində görülən işlərdən danışılıb.
Anım mərasimində Şirvan şəhər polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Şəhriyar İsmayılzadənin həyat yolundan və döyüşlərdəki şücaətindən danışıblar. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Şəhriyarın xatirəsinin daim əziz tutulacağını bildiriblər.
Sonra 12 nömrəli tam orta məktəbin şagirdləri vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Sonda Vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts