Vətən Müharibəsi Qəhrəmanı: Dəlidağ yüksəkliyinin azad edilməsi Xudafərin körpüsünün nəzarətimizə keçməsində mühüm rol oynadı

Tokio, 18 oktyabr , /AJMEDIA/

Cəbrayıl rayonunun Əmirvarlı və Soltanlı kəndləri istiqamətlərindəki yüksəkliklərin işğaldan azad olunmasından sonra Xudafərin körpüsü də nəzarətimizə keçdi. Belə ki, Soltanlı istiqamətində səddin götürülməsindən sonra Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat planı Arazboyu sərhəd istiqamətində irəliləmək oldu. Ən geniş əməliyyat planlarından biri Dəlidağ silsiləsinin işğaldan azad edilməsi idi. Həmin istiqamətdə silsilə yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda bir neçə əməliyyat planı hazırlandı. Bura qədər biz bir neçə təpəni, yüksəklikləri düşməndən azad etməli olduq.
Bu fikirləri Xudafərin istiqamətində döyüşlərdə iştirak etmiş DSX-nin Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov AJMEDIA-ya bildirib.
O, qeyd edib ki, əməliyyat planının məqsədi həmin dağ silsilələrinin üzərinə çevik hərəkət qruplarını yerləşdirərək Arazboyu istiqamətindən hərəkət edən düşmənin canlı qüvvəsini və texnikasını məhv etmək idi: “Biz Dəlidağ silsiləsinə bir sutkadan az müddətdə olduq. Məqsədimizə 11 kilometr yarım dərinlikdən düşmən ərazisinə sızma əməliyyatı ilə çatdıq. Bu silsiləni azad etdikdən sonra düşmənin hərbi texnikası və canlı qüvvəsini pusquya saldıq, onları bütünlükdə məhv etdik. Ümumiyyətlə, Xudafərin körpüsünə nəzarət etmək üçün Dəlidağ silsiləsini düşməndən təmizləməli idik. Döyüşçülərimiz o silsiləni azad etdikdən sonra, axtarış qruplarımız həmin ərazilərdə təmizləmə işlərinə başladı. Beləliklə, təmizləmə işləri başa çatandan sonra qədim Xudafərin körpüsü ərazisində bayrağımızı sancaraq Prezident, Müzəffər Ali Baş Komandana məruzə etdik. Bir gün sonra isə təminat işlərini yekunlaşdırdıq. Bundan sonra Xudafərin körpüsündən uzaq məsafədə yerləşən Zəngilan şəhərinin işğaldan azad olunması tapşırığını aldıq. Bu da 44 günlük Vətən müharibəsində ən sürətli əməliyyat kimi yadda qaldı”.
Polkovnikin sözlərinə görə, Xudafərin körpüsünün azad edilməsinin ən böyük üstünlüyü əməliyyatda itki verməməyimiz oldu: “Burada tam heyətlə uğurlu bir əməliyyat həyata keçirdik. Heyətimizdən bir nəfərin belə xəsarət almaması Qələbə sevincimizə sevinc qatmışdı. Düşmən tərəfdən isə xeyli canlı qüvvə itkisi var idi. Bu da əməliyyat planının möhtəşəmliyindən xəbər verirdi. Çox təəssüf ki, bundan sonrakı əməliyyatlar zamanı bir neçə döyüş yoldaşımız şəhid oldu. Bizim üçün çox ağır olsa da, toparlanıb sona qədər getməli idik. Şəhidlərimizin qisasını aldıq, uğrunda canlarını qurban verdikləri torpaqlarımızı azad etdik. Həmin döyüşlərdən iki il ötsə də, buraya ayaq basanda bizimlə birgə Xudafərin Zəfərinə imza atan şəhid silahdaşlarımızla bağlı xatirələrimiz, onların Qələbə sevincləri yadımıza düşür. Şəhidlərimizi dərin ehtiram və hörmətlə anırıq. Hiss edirik ki, onların ruhu azad torpaqlarımızın səmasından bizə qürur və sevinclə boylanır”.
Qeyd edək ki, polkovnik Babək Ələkbərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” medalına layiq görülüb. Bundan başqa, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts