“Tikinti və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması” mövzusunda görüş keçirilib

Tokio, 1 avqust , /AJMEDIA/

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” İşçi Qrupunun 2022-ci il üçün fəaliyyət planına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintiyə və istismara icazələrin verilməsi üzrə “Bir pəncərə” elektron müraciət sisteminin üstünlükləri və əlavə edilmiş yeni funksiyalarla tanışlıq məqsədilə növbəti maarifləndirici görüş keçirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AJMEDIA-ya bildirilib ki, tədbir iştirakçılarına İşçi Qrup tərəfindən bu günədək keçirilmiş iclasların nəticələri, görülmüş işlər barədə ətraflı məlumat verilib.
“Bir pəncərə” sisteminin iş mexanizmi nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin onlayn şəkildə toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses əyani formada təqdim olunub.
Nəzərə çatdırılıb ki, hazırda komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi və hər bölmənin ölkə üzrə tətbiq olunması istiqamətində işlər davam etdirilir.
Həmçinin görüşdə şəhərsalma nəzarətinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, yeni tikilən yaşayış binalarının şəhərin ümumi görünüşünə xələl gətirməməsi üçün fasad pasportunun yaradılmasının önəmindən, ictimai nəzarətin özbaşına tikinti işlərinə təsir gücündən danışılıb.
Qeyd olunub ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirərək beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaqdır. Bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaq üçün və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədilə komissiya tərəfindən 19 İşçi Qrupu yaradılıb.
Bunlardan biri də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə İşçi Qrupudur.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək qeydə alınıb, sistemin imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təşkil edilən görüşdə tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin, layihə təşkilatlarının, hüquq şirkətlərinin nümayəndələri, biznes assosiasiyalarının, ictimai birliklərin üzvləri və fərdi sahibkarlar, o cümlədən tikintiyə icazə icraatında iştirak edən aidiyyəti dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts