Səfəvilər Venesiya və Avropa mənbələrində” monoqrafiyası İtaliyada çap olunub

Tokio, 26 aprel , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyevin “Səfəvilər Venesiya və Avropa mənbələrində” monoqrafiyası Venesiyanın Ka Foskari Universitetinin “Edizioni Ca’ Foscari” nəşriyyatında çap olunub.
Bu barədə Tarix İnstitutundan məlumat verilib. AJMEDIA-ya bildirilib ki, ingilis dilində nəşr olunan kitab müəllifin Avropa Kommissiyasının “Horizon 2020” Mariya Skladovskaya Küri fərdi təqaüd proqramı çərçivəsində Venesiyanın Ka Foskari Universitetində 2019-2021-ci illərdə həyata keçirdiyi layihəsinin nəticələri əsasında yazılıb.
Kitabda Venesiyanın İstanbuldakı daimi nümayəndələrinin Səfəvilər dövlətinin ictimai-siyasi və iqtisadi vəziyyəti, o cümlədən Osmanlı-Səfəvi münasibətləri, münaqişələri, iki dövlət arasında elçilik mübadilələri ilə bağlı Venesiya Senatına XVI əsrdə və XVII əsrin I yarısında göndərdikləri hesabatlar geniş şəkildə tədqiq edilib. Həmçinin dövrün yerli mənbələrinin verdikləri məlumatlarla müqayisəli şəkildə araşdırılıb. Müəllifin Venesiya Dövlət Arxivində aşkar etdiyi I Şah Abbasın Venesiya doju Marino Qrimaniyə yazdığı məktubun italyan dilinə tərcümə nüsxəsi əsasında Şah Abbasın hakimiyyəti dövründə ilk Səfəvi elçiliyinin Venesiyaya 1600-cü ildə (Sücəddin Əsəd bəyin başçılığı ilə) deyil, 1597-ci ildə (Xoca İlyas və Mehmed Emin bəyin başçılığı ilə) göndərildiyi məlum olub. Arxiv materiallarının tədqiqi nəticəsində Venesiyada ticarətlə məşğul olmuş bir sıra yeni Səfəvi tacirlərinin, o cümlədən Qazi Əvəz, Məhəmməd Hüseyn, İlyas bəy, Şahverdi bəy, Xoca Dərviş, Xoca Hidayətulla, Xoca Musa, Xoca Qubad, Sahib ibn Murad, Məhəmməd bəy, Xəlil ibn Miri, Qaraxan ibn Hacı Bayram, Həsən ibn Hacı Əbülqasım, Hüseyn ibn Əli və digərlərinin adları aşkarlanıb.
Kitabın “Əlavələr” bölməsində Venesiya Dövlət Arxivinin müxtəlif fondlarında saxlanılan Səfəvi-Venesiya əlaqələrinə dair italyan dilində 13 əlyazma sənədinin müəllif tərəfindən transkripsiya olunmuş mətnləri verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts