Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı

Tokio, 25 Oktyabr, /AJMEDIA/

Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.

AJMEDIA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Qubadlının işğaldan azad edilməsinin tarixi hadisə olduğunu vurğulayan Ramil Vəlibəyov bildirib: “Çünki Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts