Qızıl Ayparanın dünyamıza düşən işığı

Tokio, 10 mart , /AJMEDIA/

Dünyada humanitar və xeyriyyəçilik sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlar arasında geniş şəbəkəyə və zəngin tarixə malik Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının xüsusi yeri var. Onun yaradılması ideyası hərəkatın qurucusu isveçrəli tacir, sülh üzrə Nobel mükafatçısı Anri Dünana məxsusdur.

AJMEDIA ölkəmizin beynəlxalq humanitar hərəkatda iştirakı ilə bağlı bəzi məqamlara nəzər salır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci il martın 10-da Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə yaradılıb. AzQAC-ın fəaliyyətinin canlanması 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Sonrakı dönəmdə isə Prezident İlham Əliyev bu humanitar təşkilatın fəaliyyətinin genişlənməsinə və inkişafına xüsusi diqqət göstərib. Prezidentin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən, hər il martın 10-nu ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunmağa başlayıb.

Ən qocaman humanitar təşkilat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti 104 illik şərəfli bir yol keçib və bu gün öz ətrafında 350 mindən çox üzvü, 20 minə yaxın könüllünü birləşdirir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş qərargah, Naxçıvan Muxtar Respublikası komitəsi, həmin komitəyə daxil olan yerli rayon bölmələri, eləcə də respublikanın 92 rayon və şəhərində yerli sahə bölmələri və 8 regional mərkəzi fəaliyyət göstərir.

Təşkilatın əsas məramı hərəkatın yeddi fundamental prinsipini rəhbər tutaraq, müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir.

AzQAC ötən müddətdə çoxsaylı yerli və beynəlxalq layihələri icra edərək, sosial sahədə aparılan dövlət siyasətinə mühüm töhfələr verib. Təşkilat müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və həssas qrupdan olan digər insanlara humanitar missiyasını hazırda da davam etdirir.

COVID-19 pandemiyası dövründə təşkilat öz missiyasını davam etdirməklə yanaşı, əhali arasında geniş maarifləndirmə işləri aparıb. Mövcud vəziyyətlə əlaqədar yaradılan operativ qərargah fasiləsiz fəaliyyət göstərib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti beynəlxalq humanitar təşkilatlarla, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətləri federasiyaları, Polşa, Türkiyə, İran Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlığı daha da inkişaf etdirir, ümumdünya miqyasında əlaqələri möhkəmləndirir. Beynəlxalq əməkdaşlıqdan bəhrələnən AzQAC xüsusi humanitar missiyalı mandatı ilə dövlətin bu sahədə ən fəal yardımçısıdır.

Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi zamanı təşkilatın əməkdaşları və fövqəladə mobil könüllü dəstələrin könüllüləri cəbhəyanı ərazilərdəki yerlərdə mülki əhalinin təxliyə olunması, humanitar yardımların göstərilməsi və yaralıların xəstəxanalara çatdırılmasında yaxından iştirak ediblər. Təəssüf ki, onların arasında itkilər də olub. Bərdə rayonunda humanitar fəaliyyət həyata keçirən könüllü Məhərrəm Mustafayev Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alan raket zərbələri nəticəsində həlak olub, təşkilatın iki könüllüsü isə yaralanıb.

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üç şəhərdə ofislərinin açılması gözlənilir. Qarabağ İqtisadi Zonasında humanitar missiya fəaliyyətlərinin bərpası nəzərdə tutulur.

Hazırda azad olunmuş şəhər və rayonlarda cəmiyyətin yerli bölməsinin əməkdaşları və könüllüləri tərəfindən mühüm işlər görülür və yardımlar göstərilir, Qızıl Aypara dünyamıza işıq salmaqda davam edir.

AzQAC-ın kollektivini, üzvlərini və könüllüləri Qızıl Aypara Günü münasibətilə təbrik edir, nəcib missiyalarında yeni uğurlar arzulayırıq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts