Qiymətləndirmə vasitələrinin hazırlanmasına dair hazırlıq kurslarına qeydiyyat müddəti uzadılıb

Tokio, 17 oktyabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, biologiya, coğrafiya, tarix və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat aparılır.
DİM-dən AJMEDIA-ya bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.
Kurslarda iştirak etmək üçün qeydiyyat müddəti noyabrın 23-ü saat 23:59-dək uzadılıb.
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaqlar.
Qeyd edək ki, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.
Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1524) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts