Qaradağda şəhid Kamal Mirzəliyevin doğum günü qeyd olunub

Tokio, 1 sentyabr , /AJMEDIA/

Qaradağ rayonunda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Mirzəliyev Kamal Əjdər oğlunun doğum günü qeyd olunub.
AJMEDIA xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, Qaradağ Rayon İcra Hakimiyyəti əməkdaşları, şəhid ailələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri Sahil qəsəbəsində şəhidin adına salınan ev muzeyində keçirilən anım tədbirində iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.
Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Aprel döyüşlərinin də iştirakçısı olan şəhid Kamal Mirzəliyev ölümündən sonra “Vətən uğrunda “, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts