Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir

Tokio, 22 aprel , /AJMEDIA/

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay iddialarının davam etdirilməsi haqqında” vebinar işə başlayıb.
AJMEDIA xəbər verir ki, 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən vebinarı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov açaraq tədbirin mövzusunun aktuallığını qeyd edib. O bildirib ki, ənənəvi olaraq Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfrans “Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir…” devizi altında keçirilir. Hər il aprelin 23-də bu günü qeyd edərkən, biz kitabların – bəşəriyyətin ən gözəl ixtirasının sehrli qüvvəsini və onların yaradıcılarının müəllif hüquqlarının tanınmasını təsdiqləyirik. Məhz kitablar və əsər müəllifləri keçmişlə gələcək arasında əlaqəni formalaşdırır, nəsillər və mədəniyyətlər arasında körpü qurur, məkan və zaman çərçivələrindən kənarda ideya mübadiləsini təmin edir.
K.İmanov diqqətə çatdırıb ki, tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitabları çoxsaylı olaraq, bir-birinə istinadən, həqiqətə uyğun olmayan “faktları” tirajlayır və bununla “ermənisayağı mənbə”, yəni “dəlillər” sistemi yaratmaqdadır.
“Dediklərim istər hay-erməni tərəfindən keçmişdə yazılan, istərsə də müasir erməni müəlliflərin əksəriyyətinə aiddir. O ki qaldı böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır, yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməniçilik saxtakarlığı dayanır.
Mütəmadi olaraq, 23 aprelə aid keçirilən konfranslarda məqsədimiz hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir. Bu konfrans erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasının davamıdır”, – deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.
Kamran İmanov vurğulayıb ki, yaşadığımız tarixi dövr – miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür! Bu miflərin bariz nümunəsi yenilməz sərkərdə, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərləri və zabitləri tərəfindən “qələbə daşıyan erməni ordusu” mifinin puç edilməsidir. Bu miflə yanaşı, “erməni motivasiyası”, yəni torpaqların qorunmasında müstəsna cəsarət göstərilməsi mifi də dağıdılıb.
Vebinarda mədəniyyət naziri Anar Kərimov erməni saxtakarlığına qarşı Azərbaycan nə edib və nə etməlidir məsələlərinə toxunub. Nazir bildirib ki, biz hər birimiz erməni mifologiyasını darmadağın edən araşdırmaçıların yetişdirilməsi üçün əlimizdən gələni etməliyik. İndiki dönəmdə, Vətən müharibəsindən sonra, möhtəşəm Zəfərdən sonra Azərbaycanda yeni mərhələ başlanıb. İnformasiya müharibəsi davam edəcək. Bu sahədə alətlərimizdən biri uzunmüddətli və nəticə yönümlü strategiyanın hazırlanmasıdır. Alimlərlə, etnoqraflarla, tarixçilərlə mütəmadi şəkildə işlər aparılmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts