Milli Qurama Festivalı çərçivəsində dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası keçirilib

Tokio, 9 iyul , /AJMEDIA/

Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Milli Qurama Festivalına start verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Milli Qurama Festivalı çərçivəsində keçirilən tədbirlərdən biri yeni istifadəyə verilən və qısa müddətdə paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından birinə çevrilən “Çəmbərəkənd” parkında təşkil edilən dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası olub.
Bakı Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkil etdiyi bu satış yarmarkasında müxtəlif bölgələri təmsil edən quramaçı sənətkarların əl işlərinin nümayişı və satışı həyata keçirilib.
İştirakçı və qonaqların böyük marağına səbəb olan yarmarkada sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.
Qeyd edilib ki, avqustun 7-dək Bakının bir neçə məkanında baş tutacaq bu festival zamanı “Azərbaycanda xalq sənətkarlığı – Qurama” elmi-praktik konfransı, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustad dərsləri və art terapiya, uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum uşaqlar arasında “Öz quramanı yarat” adlı oyun və sair tədbirlər təşkil olunacaq.
Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, sənətkarların əl işlərindən ibarət sərgi, qurama ilə bağlı şeir və ya bayatı nümunələrindən ibarət poeziya axşamı və bu sənətə həsr olunmuş kitabın təqdimat mərasimi ilə yekunlaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts