Mikayıl Cabbarov: Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var

Tokio, 25 aprel , /AJMEDIA/

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 55 faizdən çox artıb və 52,6 milyard ABŞ dolları, ixrac isə 71,8 faiz artaraq 38 milyard dollardan çox olub. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində 2022-ci ildə qeyri-neft məhsullarının ixracı 12,3 faiz artaraq 3 milyard dollardan çox təşkil edib.
AJMEDIA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov aprelin 25-də “Heydər Əliyev və Azərbaycan sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda videomüraciətində deyib.
Nazir bildirib ki, Ulu Öndərin yorulmaz fəaliyyəti, aparılan islahatlar nəticəsində qısa müddət ərzində Azərbaycanda siyasi və iqtisadi sabitlik təmin edildi, iqtisadiyyatın yenidən qurulması, davamlı inkişaf mərhələsi başlandı. Sahibkarlığın inkişafı istiqamətində dövlət proqramları qəbul olundu, bu sahənin tənzimlənməsinə və dəstəklənməsinə yönələn tədbirlər həyata keçirildi. Özəl sektorun uğurlu inkişaf siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlar fonunda yeni nailiyyətlərlə davam etdirilir. Dayanıqlı inkişaf edən Azərbaycanda özəl sektorun güclənməsi sosial-iqtisadi inkişaf strategiyasının daim mərkəzindədir və bu sahədə sistemli işlər həyata keçirilir. Nəticədə Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasında müsbət meyillər getdikcə artır. 2022-ci ildə ÜDM 4,6 faiz artaraq 133,8 milyard manat, qeyri-neft/qaz sektorunda isə 9,1 faiz artaraq 69,8 milyard manat təşkil edib. ÜDM-in tərkibində qeyri-neft/qaz sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb. Ötən il dövlət büdcəsinə vergi daxilolmaları 82 faiz artıb və 15,5 milyard manat təşkil edib. Bu, müstəqilliyimiz dövründə olan mütləq rekord məbləğdir. Hökumət tərəfindən müəyyən edilmiş bir sıra fiskal imtiyazlar və güzəştlər fonunda belə nəticələrin əldə edilməsi müsbət bir haldır. Ən sevindirici hal isə ondan ibarətdir ki, ödənilən vergilərin, xüsusilə qeyri-neft sektorunda 80 faizdən çoxu özəl sektorun payına düşür.
“Bu rəqəmlər iqtisadi sferada qazanılmış uğurların miqyasını və əhatəsini əyani şəkildə göstərir. Lakin bu gün mürəkkəb və volatil mühitdə yaşayırıq. Buna baxmayaraq, ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə təmin edilməsini hədəfləyirik. Davamlı artım drayverlərinin fəallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına sürətlə reinteqrasiyası rəqabətqabiliyyətli iqtisadi artımı şərtləndirəcək. Bu prosesdə rəqəmsal ekosistemin, sahibkarlıq mühitinin, insan kapitalının inkişafı kimi məsələlər də diqqət mərkəzində olmalıdır. O cümlədən dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi, yeni alətlərin tətbiqi sahibkarlığın inkişafına yeni töhfələr verəcək. Sənaye zonalarının rezidentlərinin sayının artması, biznesin güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni fiskal güzəştlər, ixrac və investisiyaların təşviqi üçün imtiyazlar və digər məsələlər bu baxımdan xüsusilə qeyd edilməlidir”, – deyə nazir vurğulayıb.
M.Cabbarov diqqətə çatdırıb ki, bu dəstək mexanizmləri ilə yanaşı, Qarabağın iqtisadi dəyər zəncirinə reinteqrasiyası və Naxçıvanın iqtisadi potensialının yüksək səviyyədə reallaşdırılması iqtisadi artımın təkanverici qüvvələri kimi çıxış edəcək. Şübhəsiz ki, yaxın gələcəkdə qarşımızda duran əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və özəl sektorun Qarabağa qayıdışı ilə bağlı olacaq. Bu proses bizim vətəndaşlarımızın Böyük Qayıdışı ilə üst-üstə düşür. Bir sıra rayon və şəhərlərin baş planları artıq təsdiq edilib, baza infrastrukturun yaradılması istiqamətində işlər tam gücü ilə davam etdirilir. Eyni zamanda, sahibkarlarımızı və investorları Qarabağa investisiya yatırmağa və biznes qurmağa bir daha dəvət edirəm. Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin olunur və bundan sonra da ediləcək. Araz Vadisi İqtisadi Zonası və Ağdam sənaye parklarında sahibkarlar üçün əlverişli şərait yaradılıb. İşğaldan azad olunan ərazilərimiz üçün vergi güzəştləri təsdiq olundu. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayələrin cəlbinə, sahibkarlığın inkişafına və əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək. Bütün bunlar bir daha göstərir ki, dövlət daim sahibkarın yanındadır və biz nəticəyönümlü tədbirlər, effektli dəstək və güzəşt mexanizmləri ilə özəl sektorun davamlı və etibarlı inkişafına nail oluruq.
O deyib: “Qarşıya qoyulmuş hədəflərə nail olunmasında özəl sektordan gözləntilərimiz böyükdür. Çünki sahibkarlar dövlətin sütunudur. Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var. Onlara təşəkkür edirik. Ümumilikdə, sahibkarlarımız daha fəal təşəbbüslər göstərmək və investisiya yatırmaqla yanaşı, dövlətin artan dəstəyi fonunda fəaliyyətini korporativ sosial məsuliyyətə uyğun qurmalı, şəffaflıq prinsiplərinə daim sadiq qalmalıdır.
Əminliklə deyə bilərik ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksələcək. Növbəti illərdə bizim əsas hədəfimiz qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Məlumdur ki, bizim əsas neft yataqlarımız artıq hasilatın azalması mərhələsindədir. Doğrudur, qaz yataqlarında qaz hasilatı getdikcə növbəti illərdə də artacaq. Lakin bizim dayanıqlı inkişafımızı təmin edən məhz qeyri-neft sektorunun inkişafi olacaq və sahibkarlarımız, o cümlədən mikro, kiçik və orta biznes ölkə rəhbərliyinin davamlı qayğısı və yeni stimullarla daha yüksək nailiyyətlər əldə edəcəklər. Hesab edirəm ki, növbəti illərdə bizim əsas hədəfimiz qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır. Çünki, ixrac edilə bilən məhsul əgər regional və qlobal bazarlarda rəqabətlidirsə, deməli bu məhsul asanlıqla öz yerini Azərbaycan bazarında da tapacaq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts