Mərkəzi Elmi Kitabxanada “Molla Nəsrəddin – 116” adlı sərgi açılıb

Tokio, 7 aprel , /AJMEDIA/

Görkəmli yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin ideya rəhbəri olduğu Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı “Molla Nəsrəddin”in ilk nəşrə başlamasından 116 il ötür. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) ənənəvi formada sərgi təşkil olunub.

MEK-in İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AJMEDIA-ya bildiriblər ki, sərgidə “Molla Nəsrəddin” on iki cilddə (1988), “Molla Nəsrəddin” on cilddə (2005), “Molla Nəsrəddin jurnalının nəşr tarixindən” (Azərbaycan və rus dillərində) (2009), “Molla Nəsrəddin satirik jurnalı” on cilddə (2017), “Molla Nəsrəddin lətifələri” (2018), həmçinin Səba Namazovanın “Əli Razi Şamçızadə: Molla Nəsrəddində” (2017), “Molla Nəsrəddin jurnalı və Gəncə ədəbi mühiti” (2018), Gülbəniz Babayevanın “Molla Nəsrəddin jurnalı və milli ədəbi dəyərlər” (2020), baş redaktoru akademik İsa Həbibbəyli olan “Molla Nəsrəddin ensiklopediyası” (2020) və digər dəyərli nəşrlər nümayiş etdirilir.

Nümayiş olunan ədəbiyyatlarda “Molla Nəsrəddin” jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibəti tarixi, müqayisəli və elmi-nəzəri aspektlərdən təhlil və tədqiq olunur.

Xatırladaq ki, Azərbaycan satirik mətbuatının zirvəsi sayılan “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışı ilə 1906-cı il aprelin 7-də Tiflis şəhərində, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnal qısa bir zamanda “Lağlağı”, “Həkimi-Nuni səğir”, “Cırcırama”, “Mozalan”, “Hərdəmxəyal”, “Dəli”, “Hop-hop”, “Sijimqulu”, “Kefsiz”, “Hambal”, “Cüvəllağı”, “Xortdan”, “Dabanıçatdaq” və başqa gizli imzalarla çıxış edən M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Razi, M.S.Ordubadi kimi şair və yazıçıları daimi müəllifləri ətrafında toplayıb. Jurnaldakı karikaturaları isə O.Şmerlinq, İ.Rotter və Ə.Əzimzadə kimi məşhur rəssamlar çəkiblər.

Sərgi iki həftə davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts