“Könlüm keçir Qarabağdan” respublika incəsənət festival-müsabiqəsi yekunlaşıb

Tokio, 15 may , /AJMEDIA/

Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə məktəblilər arasında keçirilən “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” respublika incəsənət festival-müsabiqəsinə yekun vurulub.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumi təhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 3 mərhələ üzrə keçirilən müsabiqəyə ümumilikdə 10 mindən çox istedadlı şagird qatılıb. 4 nominasiya – ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə Bakı şəhərində keçirilən festival-müsabiqənin final mərhələsində zona mərhələsinin qalibiləri iştirak edib.
Final mərhələsində peşəkar münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub. Müsabiqənin nəticələrinə əsasən, ifa nominasiyası üzrə 123, rəqs nominasiyası üzrə 113, dram sənəti üzrə 33, təsviri incəsənət və dekorativ tətbiqi-sənət nominasiyası üzrə 41 məktəbli I, II, III yerlərin qalibi elan olunub.
Festival-müsabiqənin qalibləri Təhsil Nazirliyinin fəxri fərman və qiymətli hədiyyələri ilə təltif olunacaq. I yerin qalibləri üçün sərgi və yekun konsert iyunun 1-də Şuşa şəhərində keçiriləcək.
Qeyd edək ki, festival-müsabiqənin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etməkdir. Eyni zamanda, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsinə, onların bədii-estetik səviyyəsinin yüksəldilməsinə, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadlarının üzə çıxarılmasına və yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verməkdir. Təhsilalanları vətənpərvərlik, torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etmək, məktəblərin asudə vaxtlarını təmin etmək də məqsədlər sırasındadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts