İsveçin xəbər saytı Transxəzər Nəqliyyat Dəhlizi layihəsindən yazıb

Tokio, 21 aprel , /AJMEDIA/

İsveçin xəbər saytı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsindən yazıb.
AJMEDIA xəbər verir ki, “Cawamedia” xəbər saytında dərc olunmuş məqalədə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında imzalanmış bəyannamədən bəhs edilir. Bildirilir ki, bu marşrut Cənub-Şərqi Asiya və Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha da Avropa ölkələrinə keçərək transport sahəsində yeni imkanlar açır.
Birgə müəssisənin yaradılmasını Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının baş katibi Haydar Abdikerimov da təsdiqləyib. Onun sözlərinə görə, bu ölkələr arasında müştərək müəssisə inkişaf mərhələsindədir və çox güman ki, 2023-cü ilin əvvəlində və ya ortalarında rəsmi olaraq hazır olacaq.
Haydar Abdikerimov belə bir müştərək müəssisənin dəhlizin dəyərini artıracağına, daşıma proseslərini sadələşdirəcəyinə və müxtəlif ölkələrlə gediş-gəlişi daha rahat edəcəyinə dair fikir bildirib. Bundan başqa, layihənin prioritet istiqamətlərindən biri də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Avro-Asiya nəqliyyatında rəqabət üstünlüklərinin artırılması və bu xəttin ötürücülük qabiliyyətinin artırılması üzrə işlərin sürətləndirilməsidir. Bu məqsədlər üçün artıq iştirakçı ölkələrin dəmir yolu administrasiyalarını birləşdirərək birgə müəssisənin yaradılması istiqamətində hüquqi və diplomatik işlər aparılır.
Yeni birgə müəssisə həmçinin yüksək keyfiyyətli intermodal nəqliyyat və logistika xidmətləri də göstərəcək, transsərhəd qiymətlərlə bağlı danışıqlar aparacaq və Çindən Türkiyə və Qara dəniz limanlarına yük daşımalarını tam avtomatlaşdırmaq üçün vahid İT platforması təqdim ediləcək.
Məqalədə habelə qeyd olunur ki, sözügedən nəqliyyat marşrutu Skandinaviya ölkələrinin bir sıra şirkətləri üçün geniş imkanlar açır. Tərəflər artıq Çin-Finlandiya marşrutu üzrə əməkdaşlığı fəallaşdırmaq barədə razılığa gəliblər. Bununla yanaşı Qazaxıstan şirkətlərinə məxsus dəmir yolu vaqonlarının istifadəsi də nəzərdə tutulub ki, bu Şimali Avropaya nəqliyyat həllərini şaxələndirməyə kömək edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts