İsrail mütəxəssisləri Bona Dea Beynəlxalq Hospitalında müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqları müayinədən keçiriblər

Tokio, 14 iyun , /AJMEDIA/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İsrailin pediatriya sahəsində qabaqcıl mütəxəssisləri Bakıda yerləşən Bona Dea Beynəlxalq Hospitalında müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqları müayinədən keçiriblər.
AJMEDIA xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik uşaqların hər bir ölkənin gələcəyi olduğunu bildirərək, həmin təşəbbüsün İsrail və Azərbaycan arasında münasibətlərdə yeni səhifə olduğunu vurğulayıb.
“Bu, ölkələrimiz arasında sıx əməkdaşlığı göstərən çox vacib məqamdır. Ötən il də bir qrup israilli həkim Azərbaycana səfər edib və İkinci Qarabağ müharibəsində yaralanmış hərbçilərin müalicəsini həyata keçiriblər”, – deyə səfir qeyd edib.
Bakıya gələn nümayəndə heyətinin üzvü, İsrailin Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) nümayəndəsi İzabella Karakas Bakıda doğulduğunu, burada böyüdüyünü və yenidən doğma şəhərə qayıtmaqdan məmnun olduğunu bildirib. Onun sözlərinə görə, israilli həkimlərin hazırkı missiyası son dərəcə mühüm əhəmiyyət kəsb edir.
“Mənim ixtisasım ətraf mühitin epidemiologiyasıdır. Biz tədqiqatlar, uşaqların sağlamlığı, hamiləlik və onun mərhələləri kimi məsələlər haqqında danışacağıq, çünki uşaqlarda ilkin problemlər elə ana bətnində yaranır”, – deyə İzabella Karakas bildirib.
Qeyd edək ki, müayinələr iyunun 19-dək davam edəcək.
Səfərləri zamanı israilli mütəxəssislər, həmçinin Azərbaycan Tibb Universitetinə səfər edəcəklər və mühazirələr oxuyacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts