“Hekayəni paylaş” videotəqdimat müsabiqəsinə start verilib

Tokio, 10 oktyabr , /AJMEDIA/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsinə start verilib.
Bu barədə AJMEDIA-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müsabiqə şagirdlərin ingilis dilində özünüifadə bacarığının təkmilləşdirilməsi, danışıq səriştəsinin artırılması, ingilis dilinin öyrənməklə beynəlxalq olimpiadalar və müsabiqələrdə iştirak imkanlarının genişləndirilməsi, xarici dildə kommunikasiya kompleksinin aradan qaldırılması, səlis və düzgün danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirilir.
Müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin Vlll-Xl sinif şagirdləri iştirak edə bilər. Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə müsabiqədə iştirak etmək istəyən şagirdlərin hekayələri oktyabrın 25-dək video formatında [email protected] elektron poçt ünvanına göndərilməlidir. Videotəqdimat 3 dəqiqədən artıq olmamalıdır. Videonun əvvəlində şagirdin özü haqqında şəxsi məlumatlarının (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinfi və hekayəsinin adı) qeyd olunması mütləqdir. Birinci mərhələdən uğurla keçmiş 30 nəfərədək şagird II mərhələdə iştirak hüququ əldə edəcək. II mərhələdə şagirdlər hekayələrini interaktiv çıxış formatında canlı olaraq təqdim edəcəklər.
Videotəqdimatda şagird şəxsi təəssüratlarını, müşahidələrini, təcrübələrini, yaşadıqlarını, xəyallarını, arzularını, eşitdiklərini, gördüklərini, nail olduqlarını və ya nail olmaq istədiklərini, başına gəlmiş və nəticə çıxartdığı maraqlı hadisələri öz orijinal fikirləri ilə ifadə etməlidir. Videotəqdimat müxtəlif sahələr üzrə (idman, olimpiadalar, müsabiqələr, elm və s.) ayrı-ayrı məkanlarda (idman zalları, laboratoriyalar, musiqi dərnəkləri, rəsm atelyeləri, qalereyalar, tarixi abidələr və s.) çəkilə bilər.
Qiymətləndirilmə zamanı sərbəstlik, özünüifadə bacarığı, ingilis dilində fikirlərin düzgün və səlis ifadə edilməsi, vaxtın düzgün idarə olunması, şəxsi mülahizələrin bildirilməsi, aditoriyanın ələ alınması əsas meyarlar kimi götürüləcək.
Müsabiqənin yekununda ümumilikdə 9 iştirakçı (3 nəfər I, 3 nəfər II, 3 nəfər III) qalib seçiləcək. Həmçinin 5 nəfər həvəsləndirici yerə layiq görüləcək, digər iştirakçılar isə müxtəlif nominasiyalar üzrə təltif olunacaq. Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts