Hans Klyuge: Yaxın həftələrdə “omikron” Avropa ölkələrinin əksəriyyətində üstünlük təşkil edəcək

Tokio, 22 dekabr, /AJMEDIA/

Yaxın həftələrdə “omikron” Avropa ölkələrinin əksəriyyətində üstünlük təşkil edəcək, onsuz da yüklənmiş səhiyyə sisteminin vəziyyətini təhlükə altına qoyacaq.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klyuge bildirib. O deyib: “Daha bir fırtına yaxınlaşır. Danimarkada “omikron” ştamı üstünlük təşkil edir, Fransada koronavirusa yoluxmaların beşdəbiri bu variantın payına düşür. Getdikcə daha çox ölkə yeni məhdudiyyətlər tətbiq edir və sanitar-buraxılış şərtlərini sərtləşdirir”.

Xatırladaq ki, “omikron” ştamı dünyanın 106 ölkəsində aşkarlanıb.

Portuqaliyada barlar və diskotekalar iki həftəlik bağlanıb, distant iş, həmçinin mədəniyyət və idman tədbirlərinə getmək üçün PZR-testləri (polimeraz zəncirvari reaksiya) məcburi edilib. Mağazalara eyni vaxtda gələnlərin maksimum sayı müəyyən edilir.

Dünən İspaniya yoluxmaların sayında antirekord “qazanıb”: sutka ərzində 49.823 yoluxma. Barselonanın hakimiyyət orqanları məhkəmə tərəfindən dəstək alacaqları təqdirdə dekabrın 24-dən komendant saatının tətbiqinə hazırlaşırlar.

Fransa hökuməti ölkədə vaksin buraxılış vərəqələrinin tətbiqi barədə qanun layihəsinin hazırlanmasını sürətləndirir. Bu vərəqələr sanitar buraxılış vərəqələrini əvəz edəcək və PZR-testlərin nəticələrini nəzərə almayacaq. Nazirlər Kabinetində hesab edirlər ki, bu qanun yanvarın 15-dən, parlament tərəfindən qəbul edildikdən sonra qüvvəyə minəcək.

Almaniyada dekabrın 28-dən bütün idman tədbirləri bağlı qapılar arxasında keçiriləcək.

Böyük Britaniya isə qonşularından fərqli olaraq, sərt məhdudiyyətlər tətbiq etməməyi qərara alıb. Boris Consonun sözlərinə görə, “bundan ötrü kifayət qədər əsas yoxdur”. Bununla belə, hökumət pandemiyadan zərər çəkən şirkətlərin itkilərinin qarşısını almaq məqsədilə 1 milyard funt-sterlinq ayırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts