Gənclər Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

Tokio, 30 dekabr , /AJMEDIA/

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik, vəhdət günü olmaqla yanaşı, bu günün doğma Azərbaycanın mənafeyi naminə həmrəyliyinə və birgə fəaliyyətinə xidmət etdiyini bildirib.
A.Cəfərov dövlətimizin başçısı tərəfindən Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq dahi öndərin anadan olmasının 100 illiyi münasibətilə qarşıdan gələn 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını və onunla bağlı əhatəli Tədbirlər Planı təsdiq edilərək həyata keçirilməsinə başlanıldığını bildirib.
Tədbirdə kitabxananın illik fəaliyyəti də müzakirə edilib. Prezident İlham Əliyevin 2022-ci ildə mədəniyyət sahəsində keçirdiyi islahatlar, imzaladığı sərəncamlar haqqında məlumat verilib. Aslan Cəfərov Prezidentin Sərəncamı ilə bu ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin, ədəbiyyat inciləri olan Xurşidbanu Natəvanın 190, Ömər Faiq Nemanzadənin 150, Hüseyn Cavidin 140, Əhməd Cavadın 130, musiqi korifeyləri Əhməd bəy Bakıxanovun 130, Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə Tədbirlər Planının hazırlanıb həyata keçirilməsinin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, musiqisinə olan yüksək dəyərin təcəssümü olduğunu bildirib. Direktor Respublika Gənclər Kitabxanasının öz fəaliyyət istiqamətlərinin ölkəmizdə mədəniyyət sahəsində imzalanan sərəncamlara və bu sərəncamlardan irəli gələn tədbirlər planına uyğun olaraq təşkil edildiyini vurğulayıb.
Müzakirə ediləcək məsələlər sırasında A.Cəfərov ilk növbədə dövlət başçısı tərəfindən ölkəmizdə elan edilən “Şuşa İli” çərçivəsində Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə əlaqədar təşkil edilən Şuşa səfəri haqqında danışıb.
Kitabxananın rəsmi veb-saytının müasir informasiya meyarlarına uyğun olaraq tamamilə yenilənməsi məsələsi diqqətə çatdırılıb. Yeni yaradılan sayt özündə yeni bölmələr, elektron xidmətlər və istifadəçilərlə virtual ünsiyyət üçün bir sıra yeni imkanlar cəmləyir. Müzakirələr zamanı yeni yaradılan saytın ümumilikdə müasir kitabxana xidmətlərinin göstərilməsinə istiqamətlənməsi vurğulanıb.
Bildirilib ki, kitabxana sayt xidmətləri ilə yanaşı, sosial şəbəkələrdə olan fəaliyyətində daim diqqət mərkəzində saxlamış və hazırda kitabxananın instaqram səhifəsi gündəlik olaraq yeni maraqlı məlumatlarla yenilənərək 14 mindən çox istifadəçiyə xidmət göstərir.
Hesabat iclasında sözügedən müddət ərzində kitabxananın on əməkdaşının kompüter proqramları biliklərinin təkmilləşdirilməsi məqsədilə kitabxananın hesabına tədris kurslarına yönləndirilməsi məsələsinə də toxunulub. Bu əməkdaşlar müasir kitabxanaların tələbatına cavab verən poliqrafik dizayn, təqdimat proqramlarının tədrisinə cəlb ediliblər.
İclasda kitabxananın fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə həyata keçirdiyi “Nəşrlərin satınalınması müsabiqəsi” haqqında da danışılıb. Bir ay müddətində davam edən müsabiqəyə 14 nəşriyyat və üç müəllifdən 199 adda 3096 nüsxə kitab daxil olub. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, müxtəlif mövzuları əhatə edən ensiklopediyalar, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı Zəfər tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirib.
Tədbirdə Respublika Gənclər Kitabxanasının nəşrə hazırladığı “Şuşa sən azadsan!” kitabı haqqında da məlumat verilib. Sözügedən kitabda Azərbaycanın şanlı Zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələri toplanıb. Kitabın “Ön söz”ünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.
Kitabxana il ərzində “GUYS” İctimai Birliyinin təşkilatçılığı, Respublika Gənclər Kitabxanasının və “Freres Wear” MMC-nin tərəfdaşlığı ilə “Binary School” proqramı çərçivəsində “Creative Summer” layihəsini həyata keçirib. Əsas məqsədi qrafik dizayna marağı olan gənclərin fəaliyyətini bu istiqamət üzrə stimullaşdırmaq və onların inkişafına töhfə verməkdən ibarət olan bu layihə çərçivəsində 30-dan çox gəncə 2 ay müddətində qrafik dizayn proqramları – Adope Photoshop və İllustrator proqramları tədris edilib.
Kitabxanada gənclərlə yanaşı, Cəlilabad, Masallı və Yardımlı rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) əməkdaşları üçün də təlimlər təşkil edilib.
Kitabxana-informasiya sahəsində biliklərinin artırılması, yeniliklərin müzakirəsi, kitabxanalar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portallarında saytların idarə olunması prinsipləri, yeni məlumatların əlavə edilməsi, eləcə də texniki problemlərin aradan qaldırılması yolları”, “ALİSA proqramı – işləmə prinsipi, əməliyyatlar və çətinliklərin müzakirəsi”, “Kitabxanalarda kütləvi tədbirlərin təşkili və kütləvi informasiya vasitələrində təbliği”, “Metodiki vəsaitlərin və multimedia materiallarının hazırlanması prinsipləri, eləcə də proqram təminatı” mövzularında tədris aparılıb. Həmçinin kitabxana mütəxəssisləri arasında kitabxanaların qarşısında duran yeni vəzifələr, eləcə də virtual məkana inteqrasiya və s. mövzularda da fikir mübadiləsi aparılıb.
İclasda Gənclər Kitabxanasının VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı mövzusuna da toxunulub. Qeyd olundu ki, kitabxana sərgiyə incəsənət, tarix, bədii ədəbiyyat və digər sahələri əhatə edən 200-dən artıq kitabla qatılıb. Nəşrlər içərisində kitabxananın bu il elan etdiyi “Nəşrlərin satınalması” müsabiqəsi nəticəsində əldə edilən son illər nəşr olunan kitablar üstünlük təşkil edib.
Müzakirələrdə bu müddət ərzində kitabxananın “Xurşidbanu Natəvan – 190”, “Mirzə Ələkbər Sabir – 160”, “Məmməd Səid Ordubadi – 150” və “Əhməd Cavad – 140” və “Aida İmanquliyeva” adlı elektron məlumat bazalarını hazırlayaraq istifadəçilərə təqdim etməsi məsələsinə də toxunulub. Özündə 30-a yaxın bölməni əhatə edən bu elektron bazaların hər biri kitabxananın rəsmi saytında yerləşdirilib.
Tədbirdə cari il ərzində kitabxanada təşkil olunan tədbirlər də müzakirə edilib. Bu müddət ərzində kitabxanada müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev – müstəqil Azərbaycanın qurucusu və memarı” adlı tədbir təşkil olunub. Eyni zamanda tanınmış yazıçı, şərqşünas, psixoloq Rövşən Abdullaoğlunun iştirakı ilə “Müasir gəncliyin mütaliə mədəniyyəti. Kəsişən qütblərin müzakirəsi”, “15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş “Milli qurtuluş. Zəfəryolu”, Cəfər Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş görkəmli vətənpərvər şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “Çırpınırdın Qara dəniz”, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə “Kərkük sevdalısı Qəzənfər Paşayev 85” adlı tədbirlər keçirilib. Həmçinin ETİ-nin şöbə müdiri, tarixçi alim, dosent Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi (1850-1917-ci illər)”, Moskvada yaşayan soydaşımız, yazıçı-publisist Ulduz Qasımın son zamanlarda çapdan çıxmış üç kitabının – “Qarabağda qiyamət”, “Ağ göyərçinlər” və “Qaçaq Aslan” , Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumluq Şurasının və İdarə Heyətinin sədri, professor Aygün Attarın Qarabağ probleminin yaranma tarixindən Zəfər gününə qədər baş verən hadisələri özündə əks etdirən “Qarabağ zəfəri. 44 günün pərdəarxası”, Respublika “Xatirə kitabı” redaksiyasının hazırladığı və Elvin Arifoğlunun şəhid Elcan Muradovun həyat yolundan bəhs edən “El harayına can deyən şəhid Elcan” kitablarının təqdimat mərasimləri təşkil edilib. UNEC Tələbə Elmi Cəmiyyəti və “GUYS” İctimai Birliyi ilə birlikdə “Heydər Əliyev – Azərbaycan iqtisadiyyatı və mədəniyyəti” mövzusunda dəyirmi masa və “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu tədbirlərin hər birinə kitabxananın əsas oxucu kontinentini təşkil edən gənclər, fəal oxucular və kitabxana əməkdaşları cəlb edilib.
Budan əlavə kitabxanada 44 gənc, həvəskar rəssamın Şanlı Zəfər tarixinə həsr etdikləri 44 ədəd rəsm əsərlərinin sərgiləndiyi “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində “Zəfərimiz rənglərin işığında” adlı gənc rəssamların sərgisi də təşkil olunub.
Direktor Aslan Cəfərov Gənclər kitabxanasının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məsələsinə toxunaraq, kitabxana əməkdaşları tərəfindən bizə şanlı Zəfər tarixini yaşadan şəhid və qazilərimiz, müharibə iştirakçıları haqqında hazırlanan videomateriallar, məlumat bülletenləri haqqında da danışılıb.
Sonda kitabxana rəhbərliyi bir daha kitabxana əməkdaşlarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb: “Növbəti ildə oxucu kontingentinin mütaliə tələbatlarının ödənilməsinə səy göstərilməli, fond buna uyğun kompektləşdirməlidir. Prezident İlham Əliyevin sərəncamları kitabxananın fəaliyyətində ana xətt kimi özünü göstərməli və kitabxanada doğma Qarabağa, Şuşaya, bizə Zəfər tarixini yaşadan qəhrəmanlarımıza həsr olunan yeni-yeni layihələr keçirilməli, materiallar hazırlanmalıdır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts