Gənc arxeoloq “Horizon 2020” Proqramının xətti ilə Türkiyədə tədqiqatlarda iştirak edib

Tokio, 21 Sentyabr, /AJMEDIA/

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Eneolit və ilk Tunc dövrü şöbəsinin əməkdaşı Əjdər Babazadə Avropa Komissiyasının “Horizon 2020” elmi mübadilə proqramının xətti ilə bir ay müddətində Türkiyədə nəzəri və praktik arxeoloji tədqiqatlarda iştirak edib.

Ə.Babazadə qədim kəsici daş alətlərin öyrənilməsi üçün biliklərini artırmaq məqsədilə bu sahənin mütəxəssisləri yanında təcrübə mübadiləsində iştirak edib. Tədqiqatçı qədim dövr kəsici alətlərin nəzəri və texno-tipoloji metodları sahəsində yeni biliklər əldə etmək üçün Ankara Universitetinin professoru, arxeoloq Metin Qartal, paleolitik, epi-paleolit və neolit dövrləri üzrə kəsici daş alətlərin eksperimental metodlarla hazırlanmasını öyrənmək üçün Mardin Universiteti Arxeologiya fakültəsinin arxeoloqu Ergül Kodaşın yanında təcrübə keçib.

Proqram çərçivəsində Ankarada yerləşən bir neçə universitetin arxeoloq alimləri, o cümlədən Bilkent Universiteti Arxeologiya bölməsinin keçmiş rəhbəri, arxeoloq, dosent Tomas Zimmerman ilə görüş keçirilib.

Bundan başqa Ə.Babazadə Ankara Universiteti Atom Enerjisi Elmləri İnstitutunun arxeoloji və geoloji araşdırmalarda tətbiq edilən mütləq tarixləndirmələrin aparıldığı laboratoriyada araşdırmaların rəhbəri, dosent Eren Şahinərin qonağı olub.

Ə.Babazadə qədim daş alət sənayesi üzərində araşdırmalarını inkişaf etdirmək məqsədilə Mardin şəhəri, Dargeçit rayonu ərazisində yerləşən, Dəclə çayı sahilində yer alan Boncuklu Tarla arxeoloji qazıntılarına da qatılıb. O, arxeoloji qazıntı prosesləri ilə yanaşı, ekspedisiyanın rəhbəri Ergül Kodaşın yanında prehistorik dövrlərdə (paleolit, mezolit, epipalolit, neolit) kəsici daş alətlərin eksperimental metodlarla hazırlanma texnologiyasını və həmin dövrlərin texno-tipologiyasının öyrənilməsi təcrübəsini qazanıb.

Gənc araşdırmacı elmi ezamiyyət zamanı Anadolu Mədəniyyətləri muzeyi, Türkiyə Təbiət Tarix muzeyi kimi arxeologiya elmi üçün zəngin materiallara malik olan muzey və araşdırma mərkəzlərini ziyarət edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts