Gəncə və Naxçıvanda “Outlet Qarage” günləri keçiriləcək

Tokio, 17 fevral , /AJMEDIA/

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) Gəncə və Naxçıvanda “Outlet Qarage” günləri təşkil edir.

AFRA-dan AJMEDIA-a bildirilib ki, assosiasiya üzvlərinin növbəti toplantısı keçirilib. AFRA İdarə Heyətinin sədri Fərid Novruzinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində assosiasiyanın fəaliyyəti, təşkilati məsələlər, daxili və beynəlxalq münasibətlərin inkişafı, dövlət qurumları ilə kommunikasiya məsələləri müzakirə olunub.

Bundan əlavə, bu il AFRA üzvlərinin Azərbaycanda sahibkarlıq fəaliyyətinə dəstək və istehlakçılara keyfiyyətli və münasib qiymətlərlə geyim məhsullarının çatdırılması məqsədilə birgə fəaliyyət planı təsdiqlənib. Fəaliyyət planına uyğun olaraq, paytaxt Bakıda 12 aprel – 12 may tarixlərində növbəti Ticarət Festivalının (Azerbaijan Shopping Festival) və “Outlet Qarage” günlərinin təşkil edilməsi daxildir.

“Outlet Qarage” günlərinə olan tələbi nəzərə alaraq, AFRA üzvləri ilk dəfə həmin tarixdə ticarət tədbirinin Gəncə və Naxçıvanda keçirilməsi barədə qərar qəbul edib və artıq bu istiqamətdə hazırlıq işləri aparılır.

2024-cü ildə tətbiq ediləcək yenilik və AFRA üzvlərinin dəstəklədiyi mövzu isə yaz aylarında Bakıda moda tədbirinin təşkil edilməsidir.

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası il ərzində sosial məsuliyyət tədbirləri çərçivəsində autizm diaqnozlu uşaqlar üçün dəstək tədbirinin həyata keçirilməsini nəzərdə tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts