“Fukusima-1” AES-in yaxınlığında yerləşən sonuncu şəhərin sakinləri evlərinə dönməyə başlayıblar

Tokio, 20 yanvar, /AJMEDIA/

Yanvarın 20-də 2011-ci ilin yazında Yaponiyanın Fukusima prefekturasında yerləşən “Fukusima-1” AES-də baş vermiş atom qəzası nəticəsində təxliyə olunmuş Futaba şəhərinin sakinləri təmir edilmiş evlərinə dönməyə başlayıblar. Bu şəhər atom qəzasına görə əhalisi tam təxliyə edilən sonuncu yaşayış məntəqəsi idi.

AJMEDIA NHK telekanalına istinadla xəbər verir ki, bu gündən sonra şəhərin sakinlərinə evlərində gecələməyə və iyundan birdəfəlik burada yaşamağa icazə veriləcək. Bildirilir ki, hazırda şəhərin ümumi yaşayış sahəsi 780 hektar təşkil edən ərazisi təhlükəsiz yaşayış üçün hazır vəziyyətə gətirilib. Həmin ərazidə 3600-dən çox sakin qeydiyyatdadır. İlkin olaraq tərkibində 15 nəfərin olduğu 11 ailə müvəqqəti olaraq şəhərə qayıtmağa razılıq verib.

Xatırladaq ki, 2011-ci il martın 11-də baş verən dəhşətli zəlzələ nəticəsində yaranan sunaminin “Fukusima-1” AES-də törətdiyi qəzadan sonra Yaponiya hökuməti 1150 kvadratkilometr ərazini radiasiyaya yoluxmuş sahə elan etmişdi. Ümumilikdə 11 şəhərin və qəsəbənin daxil olduğu həmin ərazidəki təqribən 165 min əhali tamamilə təxliyə edilmişdi. Artıq 2018-ci ildə zərər çəkmiş rayonların böyük hissəsində dezaktivasiya işləri yekunlaşdırılıb. 2019-cu ildə cəmi 369 min kvadratmetr ərazi tam qadağan olunan sahə kimi saxlanılıb. Bu ərazinin taleyi barədə yekun qərar hələlik qəbul olunmayıb.

Dezaktivasiya işləri yekunlaşdıqdan sonra əhalinin böyük əksəriyyəti artıq öz doğma evlərinə qayıdıb. Lakin hələ də təqribən 50 min nəfər geri dönməyib. Onlardan 35 mini Fukusima prefekturasından kənarda yaşayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts