Ermənilər insan ayağının dəyə biləcəyi hər yerə xüsusi kombinasiyalarla mina quraşdırıblar – Siyasi şərhçi

Tokio, 11 dekabr, /AJMEDIA/

İşğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilər tərəfdən yerləşdirilən minalar müdafiə xarakterli deyil və hərbi texnikanın sıradan çıxarılmasından daha çox çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir. Ermənilər nəinki təminat yollarına, bütövlükdə insan ayağının dəyə biləcəyi hər yerə xüsusi kombinasiyalarla həssaslığı təmin olunan minalar quraşdırıblar ki, Azərbaycan vətəndaşlarını mümkün qədər daha çox itkiyə məruz qoysunlar və minaya düşən şəxlərin sağ qalmaq ehtimalı olmasın.

AJMEDIA xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O vurğulayıb ki, minaların zərərsizləşdirilməsi zamanı tank əleyhinə minaların üzərinə piyada əleyhinə minaların qoyulması da bunu sübuta yetirir:

“Burada Ermənistanın hərbi-cinayətkar ünsürləri iki məqsəd güdüblər. Bunlardan birincisi, minaların daha həssas olması və cüzi toxunuşla nəinki toxunan subyektə, daha geniş ərazidəki canlı qüvvəyə, mülki şəxslərə və texnikaya ziyan vurması və piyadalar əleyhinə minalardan istifadə edilməsinin ört-basdır edilməsi. Məlumdir ki, piyadalar əleyhinə minaların partlayından sonra partlayış qüvvəsi altdakı tank əleyhinə minaları işə salır və partlayışdan sonra piyadalar əleyhinə minalardan istifadə edildiyini sübuta yetirmək çətin olur.

Qeyd edim ki, Ermənistan piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyaya (Ottava müqaviləsi) qoşulmasa da, sözügedən sənədin müddəalarının istisnasız olaraq bütün ölkələr tərəfindən yerinə yetirilməsi zəruridir. Ermənistan həm də bu baxımdan, yəni Piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanın yurisdiksiyası altına düşməmək üçün piyadalar əleyhinə minlalarla tank əleyhinə minaların kombinasiyasını yaradaraq tətbiq edib ki, bu da sözügedən ölkənin əsas məqsədinin azərbaycanlıları məhv etmək, soyqırımına məruz qoymaqdan ibarət olduğunu sübuta yetirir”, – deyə E.Mirzəbəyli vurğulayıb.

O bildirib ki, bir qayda olaraq, nizami ordular bu tip “sürpriz-minalar”dan istifadə etmirlər: “Belə minalardan adətən diversiya, terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir. Buna nümunə olaraq, vaxtilə İŞİD terror təşkilatının nəzarətə keçirdiyi ərazilərdə tətbiq etdiyi mina “kombinasiyalarını” xatırlatmaq yetərlidir.

Xatırırladım ki, Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para bicliklərdə “mahir” olduqlarını, klassik goreşənliklərini nəzərə alıblar.

SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları təmin edib”, – deyə siyasi şərhçi əlavə edib.

O bildirib ki, 44 günlük müharibə dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artması idi:

“Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmırdı. Amma minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 – piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan hələ də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur.

Ermənistanın Azərbaycan tərəfinə təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin qeyri-dəqiqliyi, bu ölkənin məqsədinin Azərbaycanın daha çox dinc sakinini öldürməkdən ibarət olduğunu sübuta yetirir. Minaların xaotik şəkildə basdırıldığı barədə nəzəriyyələr isə boşboğazlıqdan və məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Çünki ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərinin təbii sərvətlərini istismar edib, əkin sahələrindən, otlaqlardan yararlanıblar. Bu isə o deməkdir ki, Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var və bu terrorçu ölkə məqsədyönlü şəkildə dəqiqliyi 25% təşkil edən xəritələri Azərbaycana təhvil verir ki, daha çox insanın ölümünə zəmin yaransın, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, bərpa işləri mümkün qədər ləngisin, azərbaycanlılar öz doğma yurdların tez bir zamanda qayıda bilməsinlər.

Bu, Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən terrordur. Ermənilərin XIX əsrin sonlarında, XX əsrin əvvəllərində yaratdıqları QNÇAK və Daşnaksutyun kimi terroru mübarizə üçün əsas vasitə seçən təşkilatların, onların davamçıları olan Njde, Dro kimi faşistlərin, ASALA və digər erməni terror təşkilatlarının vəşhi terrorçu “ideologiyası” müasir Ermənsitanın siyasətinin təməlini təşkil edir.

Şübhəsiz ki, Azərbaycan bütün ərazilərini minalardan təmizləyəcək və bu torpaqlara əsl sahiblərinin qayıdışını təmin edəcək. Amma bu gün baş verənlərə münasibətdə, beynəlxalq təşkilatlar, ilk növbədə isə BMT çevik reaksiya verməli, preosesdə daha fəal rol almalıdır,” – deyə E.Mirzəbəyli vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts