Elm Tarixi İnstitutunun əməkdaşları Şuşaya səfər ediblər

Tokio, 18 iyul , /AJMEDIA/

AMEA Elm Tarixi İnstitutunun əməkdaşları Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşaya səfər ediblər.
Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, Molla Pənah Vaqifin türbəsi, Bülbülün ev-muzeyi və bir sıra tarixi-mədəni abidələr, həmçinin Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib.
Şuşada aparılan quruculuq işləri, həmçinin məşhur Gövhərağa məscidinin və digər tikililərin bərpa işləri ilə tanış olan institut əməkdaşları elm və mədəniyyət mərkəzi olan şəhərin tarixi məkanlarında xüsusi qeydlər, foto və videosənədlər əldə edərək gələcək tədqiqatları üçün maraqlı materiallar toplayıblar.
Şəhərin ekskursiyasından sonra Cıdır düzündə toplaşan ziyarətçilər öz təəssüratlarını bölüşüblər. Çıxış edənlər 30 il müddətində şəhərin işğal altında qalmasının hər bir azərbaycanlı üçün böyük kədər və ağrı olduğunu, nəhayət, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbə qazandığını deyiblər. Bu böyük Qələbəyə görə şəhidlərə, qazilərə borclu olduğumuz bildirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçənlərin xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı da ziyarət edilib, həmçinin yol boyunca işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliyinin qurbanı olan kəndlər, dağıdılmış məzarlıqlar kadra alınıb.
Xatırladaq ki, Elm Tarixi İnstitutu “Şuşa İli” çərçivəsində şəhərin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirib. Bundan əlavə, institutda “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitabı və şəhərin tanınmış simalarına həsr olunmuş xüsusi toplu nəşr edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts