Dövlət Vergi Xidmətinin nümayəndələri Özbəkistanda beynəlxalq seminara qatılıblar

Tokio, 15 oktyabr , /AJMEDIA/

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Özbəkistanın Səmərqənd şəhərində “Vergi və gömrük siyasətinin islahatı, habelə gəlirlərin inzibatçılığının rəqəmsallaşdırılması (təcrübə mübadiləsi)” mövzusunda keçirilmiş beynəlxalq dəyirmi masada iştirak ediblər.
AJMEDIA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iki gün ərzində 6 dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın maliyyə, vergi və gömrük orqanları nümayəndələrinin iştirakı ilə vergi siyasəti, vergi və gömrük inzibatçılığının aktual məsələləri müzakirə olunub.
Tədbirdə ölkəmizi Dövlət Vergi Xidməti rəisinin müşaviri, Vergiödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov və Vergi Siyasəti Baş İdarəsinin Vergi Siyasəti İdarəsinin rəisi Oqtay Yaqubov təmsil ediblər.
Müzakirələrdə vergi siyasətinə dair müxtəlif mövzulara və problemlərə toxunulub. İştirakçı ölkələr ilə vergi güzəştlərinin effektivliyi, vergi dərəcələrinin differensiallaşdırılması, investisiya cəlbediciliyinin artırılması üçün vergi siyasəti mexanizmlərindən istifadə, fiziki şəxsin gəlir vergisinin və sosial verginin təkmilləşdirilməsi yolu ilə qeyri-rəsmi məşğulluq səviyyəsinin azaldılması, əmlak və torpaq vergilərinin daşınmaz əmlak obyektlərinin kadastr dəyərinə əsasən hesablanmasına keçid və sair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin rəqəmsallaşmanın vergi yığımlarının effektivliyinin artmasına, xərclərin azalmasına, korrupsiya ilə daha effektiv mübarizəyə, əməliyyatların izlənməsinə və şəffaflığın artmasına səbəb olduğu qeyd edilib.
Bildirilib ki, son illər ərzində vergi administrasiyaları elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə və vergi nəzarətinin artırılmasına daha çox üstünlük veriblər, bu da vergi daxilolmalarının artması ilə nəticələnib. Mövcud texnologiyaların vergi inzibatçılığına inteqrasiyasının müsbət nəticələr verdiyi, “görünməz” vergi inzibatçılığı adlandırılan rəqəmsallaşdırılmış nəzarət mexanizmlərinin rolunun artdığı nəzərə alınaraq, Dünya Bankının nümayəndələri tərəfindən uzunmüddətli rəqəmsal xəritənin hazırlanması tövsiyə olunub.
Dəyirmi masada vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, gəlirlərin inzibatçılığı, vergi və gömrük orqanlarının rəqəmsal transformasiyası ilə bağlı təcrübə və fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts