“Cənnətim Qarabağ” rubrikasının növbəti təqdimatı Xurşidbanu Natəvana həsr olunub

Tokio, 12 noyabr , /AJMEDIA/

“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
Muzeydən AJMEDIA-ya bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan bədii fikrinin görkəmli nümayəndəsi, mədəniyyət tariximizdə lirik şair və rəssam kimi şöhrət qazanan nadir istedad sahibi Xan qızı Xurşidbanu Natəvana həsr olunub.
Həm ata, həm ana tərəfi xan nəslindən olan Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada anadan olub. Atası Mehdiqulu xan məşhur Qarabağ xanı İbrahimxəlil xanın kiçik oğlu, anası Bədircahan bəyim məşhur Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın qızıdır. Xurşidbanu Natəvan İbrahimxəlil xanın nəvəsi, Cavad xanın isə nəticəsidir. Atası Mehdiqulu xan qızına öz anasının adını vermişdir. Ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda “Dürrü yekta” yəni “Tək inci”, el arasında isə “Xan qızı” deyə çağırırdılar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdur. Daha sonra isə o, dövrün bir sıra alim və sənətkarlarından dərs almağa başlayıb. Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərə də maraq göstərirdi. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq ana dil ilə bərabər, ərəb və farsca da təlim edilirdi. Xan qızı da bu dillərin incəliklərinə mükəmməl yiyələnmiş olduğundan оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını dərindən mənimsəyə bilmişdi. Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında dahi şərq şairlərinin nadir əlyazmalarının, eləcə də, az-çox qohumluq əlaqələri çatan ziyalıların böyük rolu olmuş, Qasım bəy Zakirin, Mirzə Camal Cavanşir Qarabağinin, Mirzə Adıgözəl bəy Qarabağinin, Əhməd bəy Cavanşirin yaradıcılığı, ədəbi söhbətləri, məsləhətləri Xurşidbanuda şeirə və sənətə olan həvəsi artırmışdır. Natəvanın həyatına nəzər salarkən onun məşhur şair, rəssam, eyni zamanda şərq təbabətinin gözəl bilicisi, məharətli tikmə ustası, bir yandan mahir şahmat oyunçusu, digər tərəfdən cıdır yarışları üçün xüsusi Qarabağ atları yetişdirən sahibkar olduğunu görürük. Onun fəaliyyəti bununla bitib-tükənmir. X. Natəvan zəmanəsinin ən nüfuzlu şəxsiyyətlərindən biri kimi təkcə Azərbaycanda deyil, həm də bütün Zaqafqaziyada öz xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, daima kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirərək əhalini içməli su ilə təmin edib, habelə hovuzlar, hamamlar tikdirib. Bunlarla kifayətlənməyən şairə öz xalqının rifahı üçün kəndlərə daş yolların çəkilməsi, körpülərin salınması, məktəb binalarının tikilməsi üçün də öz illik gəlirindən pay ayırıb. Uzaq şəhərlərdə təhsil alan azərbaycanlı tələbələr, ziyalı gənclər, müxtəlif sənət sahibləri onun himayəsinə sığınıblar. Xan qızının qurduğu ədəbi məclislər Qafqazda maarifin, mədəniyyətin yayılmasına müsbət təsir göstərib. Belə ki, Natəvanın təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisi qısa zamanda öz ətrafına otuza yaxın şair toplayıbmış. Natəvanın 20 ilə qədər rəhbərlik etdiyi bu ədəbi məclisdə Azərbaycan, fars dilləri ilə yanaşı, çığatay dilində də qiymətli mənzumələr yaranmış, klassiklərdən tərcümələr edilmiş, Xaqani, Nizami və Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr yazılmışdır.
X. Natəvanın ədəbi yaradıcılığı bununla da bitmir. Parlaq bədii istedada malik söz sənətkarı kimi milli ədəbiyyatımızda özünəməxsus layiqli yer tutan şairənin zəngin irsinə ilhamla qələmə aldığı “Eylər”, “Gətirir”, “Mən idim”, “Sən idin”, “Bənzətdim” və “Ölürəm” rədifli ürəyəyatan qəzəlləri, oğlunun ölümü ilə əlaqədar olaraq yazdığı ah-naləli silsilə şeirləri və içərisində on üç şeirin, özünün çəkdiyi rəsmlərin, həmçinin müasirlərinin lirik parçalarının toplandığı 27 səhifədən ibarət “Gül dəftəri” adlı məşhur albomu aiddir.
Öz mərdanəliyi, səxavəti, həssaslığı, qayğıkeşliyi, xeyriyyəçiliyi və gözəl xasiyyəti ilə Qarabağda böyük hörmət və nüfuz qazanan Xan qızının şəxsi həyatı elə də uğurlu olmayıb. Ömrü boyunca dolaşıq və çətin hadisələrlə üzləşən, ard-arda əzizlərinin itkiləri ilə sınanan şairə 1897-ci ilin oktyabr ayının 1-də 65 yaşında Şuşada vəfat edib və öz vəsiyyətinə görə Ağdamda “İmarət” qəbiristanlığında dəfn olunub. Söyləyirlər ki, Qarabağ camaatı çox sevdikləri Xurşidbanu Natəvanı 34 kilometrlik bir məsafə boyunca, Şuşadan Ağdamadək öz çiyinlərində son mənzilə gətiriblər.
Xurşidbanu Natəvan dövrünün məşhur şairəsi olmaqla yanaşı, həm də realist rəssamlarından biri olub. Onun bu günə qədər gəlib çıxan əlyazmalarında lalə, qərənfil güllərinin, qovaq ağacının, Şuşaya aid bir sıra mənzərələrin rəsmləri var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts