Azərbaycanın Malayziyadakı səfirliyi Ramazan ayı münasibətilə xeyriyyə aksiyası keçirib

Tokio, 11 aprel , /AJMEDIA/

Azərbaycanın Malayziyadakı səfirliyi hazırda davam edən Ramazan ayı günlərində xeyriyyə aksiyası keçirib.

AJMEDIA xəbər verir ki, müqəddəs ay münasibətilə Malayziyanın Selanqor ştatının Ampanq rayonunda himayədən məhrum yaşlı qadınların məskunlaşdığı “Mesra Home” sığınacağında səfirliyin maliyyə dəstəyi ilə iftar süfrəsi açılıb.

Aksiyadan əvvəl Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov sığınacağa baş çəkib, təşkilatın təsisçisi və rəhbəri xanım Faeza Ali ilə görüşüb. Görüş zamanı Azərbaycan səfiri “Mesra Home” ilə birgə xeyriyyə aksiyalarının artıq ənənəvi həmrəylik münasibətlərinə çevrildiyini, Azərbaycan və Malayziya xalqlarının daim bir-birinə qarşılıqlı dostluq və ehtiram hissi bəslədiklərini bildirib. Azərbaycan diplomatı qeyd edib ki, İslam dini əsrlərdən bəri bəşəriyyətə daim xeyirxahlığı, həmrəyliyi və mərhəməti təlqin edir. “Bu gün buraya – yaşlı qadınlar üçün isti yuvaya, mehriban sığınacağa çevrilmiş “Mesra Home” təşkilatına ziyarətimiz də məhz həmin təlqinə, həmin bəşəri dəyərlərə olan bağlılığımızın kiçik bir göstəricisidir. Səfirliyimiz “Mesra Home” təşkilatına, onun rəhbəri Faeza xanıma və eləcə də buradakı əməksevər kollektivə belə bir əməkdaşlığa görə təşəkkür edir. Bu aksiya, eyni zamanda Azərbaycan və Malayziya xalqları arasında müştərək mənəvi dəyərlərdən irəli gəlir. Mən fürsətdən istifadə edərək, müqəddəs Ramazan ayının bütün malayziyalı dostlarımız üçün uğurlu olmasını, dost Malayziya xalqına sülh, əmin-amanlıq və rifah gətirməsini diləyirəm”, – deyə səfir qeyd edib.

Azərbaycan səfirliyinin nəcib təşəbbüs göstərdiyini bildirən F.Ali belə birgə tədbirlərin dost xalqlar arasında mehriban əlaqələrin gücləndirilməsinə və həmrəyliyə mühüm töhfələr verdiyinə inandığını vurğulayaraq, təşəkkürünü ifadə edib. O, “Mesra Home” təşkilatının fəaliyyəti, özünün xeyriyyəçilik təcrübəsi barədə qələmə aldığı və ötən aylarda nəşr olunmuş kitabını Azərbaycan səfirinə hədiyyə edib.

Qeyd edək ki, “Qəlbin pıçıltısı: nənəmin qayğısına qalmalıyam” adlı kitab malay və ingilis dillərində nəşr olunub. Müəllif burada yaşlı və himayədən məhrum qadınlar üçün sığınacaq təşkil etmək barədə qəbul etdiyi qərar barədə danışır, bu niyyətini həyata keçirərkən öyrəndiyi təcrübəni oxucularla bölüşür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts