Azərbaycan Ordusu Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazıb

Tokio, 9 noyabr , /AJMEDIA/

8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi xocavəndlilər tərəfindən də qeyd edilib. Xocavənd qəsəbəsindəki “Şəhidlər” Memorial Abidə Kompleksində keçirilən ümumrayon tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, eləcə də rayon ictimaiyyəti iştirak edib.
AJMEDIA xəbər verir ki, tədbir şəhidlərin məzarlarının və Qəhrəmanlar parkındakı xatirə lövhələrinin ziyarət edilməsi ilə başlanıb. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən övladlarının məzarları önünə tər qərənfillər düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Bu müharibə Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Azərbaycanın müzəffər Ordusunun zəfər yürüşü, düşmənin torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
Tədbirdə digər çıxış edənlər də Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbədən, şanlı Zəfərin əhəmiyyətindən danışıblar.
Sonda Zəfər Günü ilə bağlı məktəblilərin hazırladıqları şeirlərdən ibarət kompozisiya nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts